VII “Caspian Energy Forum Baku-2018” işə başlayıb YENİLƏNİR

20 Sentyabr 2018 11:26 (UTC+04:00)

Bu gün, sentyabrın 20-də Bakıda VII Beynəlxalq “Caspian Energy Forum Baku-2018” işə başlayıb. SİA xəbər verir ki, “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forumda çıxış edərək forumun Azərbaycan hökuməti və “Caspian European Club”un dəstəyi ilə keçirildiyini nəzərə çatdırıb.

Bildirib ki, “Caspian Energy Forum Baku-2018”də 70 ölkədən olmaqla sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən çox nümayəndə iştirak edir.

Energetika naziri Pərviz Şahbazov isə xüsusilə vurğulayıb ki, forum siyasi və iqtisadi əməkdaşlığa öz töhfəsini verir. Nazir onu da diqqətə çatdırıb ki, bu ilki forum əlamətdar günə - "Əsrin müqaviləsi"nin imzalanmasının ildönümünə təsadüf edir. “Caspian Energy Forum Baku” Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin müxtəlif qurumları və şirkətlərinin nümayəndələrinin bir araya toplaşdığı və yeni əməkdaşlığın qurulması üçün əlverişli platformadır. Pərviz Şahbazov 24 il öncə imzalanan "Əsrin müqaviləsi"nin əhəmiyyətindən, ölkəmizə qazandırdığı və bundan sonra da qazandıracağı dividendlərdən danışıb: “Hazırda regionun, eləcə də Avrasiyanın enerji xəritəsini dəyişəcək "Cənub Qaz Dəhlizi" layihəsi həyata keçirilir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rol oynayır. Həmçinin Balkan ölkələrinin təbii qaza olan tələbatının böyük hissəsi ödəniləcək. Bu boru kəmərləri zəncirinin əsas qaz mənbəyi "Şahdəniz" yatağıdır və gələcəkdə Xəzərin Azərbaycan sektorundakı digər yataqların resurslarından da istifadə edilə bilər".
Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin “Caspian Energy Forum Baku-2018”in iştirakçılarına ünvanladığı videomüraciəti dinlənilib.