Azərbaycan neftçilərinin böyük uğurları

20 Sentyabr 2018 10:10 (UTC+04:00)

"Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur. Zəngin neft və qaz yataqlarına malik olan Azərbaycan bütün dünyada “Neft diyarı”, “Odlar diyarı” kimi tanınmışdır. Son illərdə neft sənayesində çox mühüm strateji əhəmiyyət daşıyan naliyyətlər əldə olunmuşdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində “Əsrin müqaviləsi” nin bağlanması ilə yeni neft strategiyasının həyata keçirilməsinə başlanmışdır: "1994-cü il sentyabrın 20-də imzalanmış və müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks edən ilk beynəlxalq neft sazişi iqtisadiyatımızın dinamik inkişafının əsasını qoydu və onun praktiki nəticələri göz qabağındadır. 2004-cü ildə Baki-Tbilisi-Ceyhan ixrac neft kəməri istifadəyə verilmişdir. Həmin tarixdən başlayaraq görülən işlər bugünki və gələcək nəsillərə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları Ümumimilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan yeni Neft strategiyasını uğurla inkişaf etdirir. 18.09.2017-ci il tarixdə “Əsrin müqaviləsi” nin müddətinin 2050-ci ilə qədər uzadılması ilə bağlı SOCAR və BP arasında razılaşma imzalanmışdır. Bu razılaşmanın imzalanmasının Azərbaycan üçün çox böyk əhəmiyyəti vardır. Azərbaycan iqtisadiyyatına böyük həcmdə xarici investisiya cəlb olunacaq, çoxli sayda yeni iş yerləri açılacaq.

Cənab Prezidentin iştirakı ilə “Cənub Qaz Dəhlizi” nin rəsmi açlış mərasiminin keçirildiyi 29 may 2018-ci il günü Azərbaycan tarixində mühüm tarixi günlərdən biridir.

“Əsrin müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı ən böyük müqavilədirsə, “Cənub Qaz Dəhlizi “ XXI əsrin nəhəg razılaşmalarından biridir. Bütün bu layihələrin həyata keçirilməsində azərbaycan neft-qaz sənayesi işçilərinin o cümlədən mütəxəssislərin, mühəndislərin, fəhlələrin, geoloqların, elmi işçilərin, alimlərin və bu sahədə işləyən digər işçilərin böyük zəhməti və əməkləri vardır. Peşə bayramları münasibəti ilə neft-qaz sənayesi işçilərini ürəkdən təbik edir onlara yeni-yeni uğurlar arzu edirəm".