Orta məktəb dərsliklərində türk dövlətlərinin tarixi qərəzsiz və obyektiv yazılıb

18 Sentyabr 2018 18:17 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Türk orta məktəblərində tarixin öyrənilməsi məsələləri (Azərbaycan və Türkiyə nümunəsi üzrə)” mövzusunda dissertasiya müdafiəsi keçirilib. İnstitutdan SİA-ya bildirilib ki, dissertasiya işinin müəllifi Türkiyə Respublikasının Atatürk Araşdırma Mərkəzi (ATAM) sədrinin müavini Nihat Büyükbaşdır. Onun elmi rəhbəri isə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.

N.Büyükbaş dissertasiyasında türk dünyasında tarixin yazılması, Azərbaycan və Türkiyədə tarix fənninin öyrədilməsi ilə bağlı tədqiqat aparıb. Dissertasiya işində Azərbaycanın orta məktəb dərsliklərində Türkiyə və digər türkdilli respublikalardan fərqli olaraq türk dövlətlərinin tarixinin kompleks şəkildə, qərəzsiz və obyektiv əks olunduğu göstərilib.

Tədqiqat işinin əsas məqsədi türkdilli ölkələrdə ümumtəhsil məktəblərində tarix dərslərinin tədrisi, bunun gənclərdə milli şüurun formalaşdırılmasına təsiri, eyni zamanda, Azərbaycanda və Türkiyədə ortaq türk tarixinin öyrənilməsi, yazılması, tədrisi və şagirdlərə çatdırılması yollarını araşdırmaqdır.

İclasda təklif edilib ki, tarix fənninin tədrisi üzrə Azərbaycanın qabaqcıl təcrübəsi qardaş Türkiyədə və digər türkdilli respublikalarda da tətbiq olunsun.

Dissertasiyada türklərin öz tarixlərini yazmaqda gecikmələri qeyd olunub və Osmanlı dövründə tarixşünaslığa fransız tarixçilərinin təsiri sübut edilib.

Y.Mahmudov bildirib ki, ortaq türk tarixinin yazılması olduqca aktual və əhəmiyyətlidir. O deyib: “Bu dissertasiya işi “Ortaq türk tarixi” layihəsi çərçivəsində tarix elminə dəyərli töhfədir”.

Qeyd edək ki, Tarix İnstitutu ilə ATAM arasında imzalanan birgə əməkdaşlıq protokoluna əsasən “Ortaq türk tarixi” yazılır.