43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır

18 Sentyabr 2018 17:50 (UTC+04:00)

43-cü Dünya Şahmat Olimpiadası sentyabrın 23-dən oktyabrın 5-dək Batumidə (Gürcüstan) keçiriləcək. Kişi şahmatçıların turnirində 185, qadınların turnirində isə 151 komandanın iştirakı gözlənilir.

SİA-nın məlumatına görə, Azərbaycan bu turnirdə həm kişi, həm də qadın şahmatçıların yarışında təmsil olunacaq.

Kişi şahmatçılarımızın amerikalılarla yanaşı, əsas rəqibləri Çin, Rusiya, Hindistan, Ukrayna, Fransa, Ermənistan, İngiltərə, İsrail yığmaları olacaq.

Qədir Hüseynovun kapitanı olduğu komandamızın tərkibinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli daxildir.

Qadın şahmatçılarından ibarət Azərbaycan yığmasının kapitanı Fikrət Südeifzadədir. Yığmamızda ölkəmizi Günay Məmmədzadə, Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva təmsil edəcəklər. Onların əsas rəqibləri isə Rusiya, Çin, Gürcüstan, Ukrayna, Hindistan, Fransa, Polşa, Qazaxıstan və digər ölkələrin komandaları olacaq.