Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd etdi

18 Sentyabr 2018 17:18 (UTC+04:00)

Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin doğulduğu 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü kimi təntənə ilə qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da bu günü müxtəlif səpkili tədbirlərlə qeyd edib. Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə rayonun Heydər Əliyev Mərkəzində dahi bəstəkarın anadan olmasının 133-cü ildönümünə və Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib.

Fonddan SİA-ya verilən məlumata görə, tədbiri Fondun Abşeron rayonu üzrə nümayəndəsi Teyyubə Hüseynova açaraq, Milli Musiqi Günü münasibətilə bütün musiqisevərləri Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın adından təbrik edib.

İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov Azərbaycan mədəniyyətinə, incəsənətinə diqqət və qayğının daim Ulu öndərimiz Heydər Əliyevin diqqət mərkəzində olduğunu qeyd edib. Ulu öndərin 1995-ci ildə imzaladığı Sərəncamla Üzeyir bəyin doğum gününün Milli Musiqi bayramı kimi qeyd olunması bu qayğının bariz nümunəsidir. Bu gün bu ənənə dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Məhz Mehriban xanımın gərgin əməyi və səyləri nəticəsində mədəniyyət və incəsənətimiz bir sıra beynəlxalq statuslar alıb. Dahi Ü.Hacıbəyov isə təkcə Azərbaycanın deyil, dünyanın musiqi mədəniyyətinə böyük töhfələr bəxş edib.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu qeyd edib ki, dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub, görkəmli musiqi xadimləri onu “Şərq musiqisinin atası” adlandırıblar. Natiq Azərbaycanın xeyli sayda görkəmli şəxsiyyətlər yetişdirdiyini diqqətə çatdıraraq, bunu xalqın müdrikliyi ilə əlaqələndirib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq doktoru, professor Nuridə İsmayılova Ü.Hacıbəylinin ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıb. Tədbirdə Bakı Musiqi Akademiyasının elmi işçisi Fidan Nəsirovanın “Hacıbəyov qardaşları və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda mühazirəsi dinlənilib. Natiqin səsləndiridiyi məlumatlar böyük maraqla qarşılanıb.

Fikrət Əmirov adına Musiqi məktəbinin müəllimi Qənirə Həsənovanın fortepianoda müşayiəti ilə Musiqi Akademiyasının doktorantı Rüfət Piriyev Ü.Hacıbəylinin əsərlərini ifa edib.

Milli Musiqi Gününə həsr olunan daha bir görüş Bilik Fondunun Qarabağ Regional Bilik Evində gerçəkləşib.

“Musiqimiz – milli ruhumuz” mövzusunda keçirilən tədbiri Tərtər şəhər uşaq musiqi məktəbinin direktoru Tahir Qədimov tədbiri açaraq, rayonun istedadlı gəncləri barədə açıqlama verim.

Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlının “Cümhuriyyət dövrü musiqisi” mövzusunda mühazirəsi dinlənilib. Mühazirəçi bildirib ki, Azərbaycan musiqi mədəniyyətinin və onun parlaq nümayəndələrinin müstəqil Azərbaycanın qurulmasında böyük payı olub. Xalqımız və dövlətimiz bu gün də onları unutmur.

Fondun baş məsləhətçisi Nüşabə Hüseynova da çıxış edərək, Bilik Fondunun maarifləndirici layihələrindən söz açıb, “Mədəni maarifləndirmə” proqramı əsasında görülən işlər barədə məlumat verib.

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Tahiroviç “Xalq Cümhuriyyəti İli” çərçivəsində ərsəyə gətirdikləri bədii və sənədli filmlər barədə danışıb.