Cəhalət ənənələrinin davam etməsi təxribatçıların marağıdır

18 Sentyabr 2018 17:13 (UTC+04:00)

Dini tolerant ölkə olan Azərbaycanda İslam dininə hərhansı qadağalar, məhdudiyyətlər qoyulmasa da mövhumatçılıq, yaxud dindən istifadə etməklə iştişaşlar yaradılması yolverilməzdir. Təkcə İslam dini deyil, başqa dini etiqada məxsus insanların da süni şəkildə hərhansı bir çirkin niyyətin reallaşdırılmasına xidmət edən fəaliyyəti də qəbul edilən deyil.

Müsəlmanlar bu ayı, yəni hicri təqvimi ilə olan Məhərrəm ayını xüsusi hörmət və ehtiramla qarşılayır, İslam əxlaqına və ehkamına müvafiq şəkildə yaşamağı tərcih edirlər. Hicri təqviminin 12 ayından və bu aylar içərisində 4 haram aydan biri olan Məhərrəm ayı yeni ilin başlanğıcı, ilk ayı kimi müsəlmanlar üçün çox əzizdir. Bu ayda gələcək xeyirli işlər planlaşdırılır, məhz müqəddəs ay olduğundan ibadətə daha çox yer ayrılır. Hətta müsəlmanlar bu ayın müvafiq günlərində oruc tutmağı da rəva bilir və Ramazan ayından sonra oruc tutulacaq ən fəzilətli ay kimi Məhərrəm ayını nəzərdə tuturlar. Bu baxımdan, müsəlman dünyasında digər aylarda olan məşğuliyyətlərin bəziləri ixtisara salınır, qeyd etdiyimiz kimi diqqət yalnız ibadətə cəmlənir.
Məhərrəm ayı eyni zamanda Məhəmməd Peyğəmbərin nəvəsi İman Hüseynin şəhadətə qovuşduğu ay olduğu üçün də əlamətdardır müsəlmanlar üçün. Bu ayda İmam Hüseynin şəhadətini, dinin qorunması uğrunda mücadiləsini, müsəlman dünyası qəhrəmanlıq, igidlik, qorxmazlıq nümunısi kimi xatırlayır. Eyni zamanda Peyğəmbərin nəvəsinin şəhadətini ehtiramla yad edir və İslam əxlaqının qorunub saxlanmasına, gələcək nəsillərə çatdırılmasına səy göstərir.

Təxribat niyyətlilər dezinformasiyalar yaymağa, mənfi fikir formalaşdırmağa can atırlar

Əfsus ki, hazırda din adı altında bəzi qüvvələr yalnız məkirli niyyətlər planlaşdırır və cəmiyyətdə mənfi ruhun, pessimist əhval ruhiyyənin aşılanmasına maraqlıdırlar. Məhz buna görə də Azərbaycanda cəhalət ənənələrinin ön planda olması üçün dəridən qabıqdan çıxırlar. Daha dəqiq desək, cəhalət ənənələrinin davam etməsi təxribatçıların marağıdır. Lakin ölkəmizdə qanunların dini fəaliyyət üzərində nəzarət mexanizminin olması bu təxribatçı qüvvələrin yuxusunu ərşə çəkir və planlarını alt-üst edir. Məhz bu səbəbdən təxribatçı qüvvələrin, yaxud təxribat niyyətlilərin təşvişi başa düşüləndir. İndi bu təşviş içində olanlar istər ənənəvi üsullarla, istərsə də virtual şəkildə, məsələn, sosial şəbəkələr vasitəsilə dezinformasiyalar yaymağa, mənfi fikir formalaşdırmağa can atırlar.
Təəccüblüdür ki, dini alətə çevimək istəyən qüvvələr hətta Libermanın Azərbaycana gəlişini də bu məsələlərlə əlaqələndirməyə cəhd edirlər. Guya ki, Azərbaycanda Aşura günü mərasimlərin keçirilmə qaydaları ilə bağlı qərarların verilməsi də İsrail tərəfindən təyin olunur. Libermanın Azərbaycana səfərinin məqsədinin də elə Aşura ilə bağlı olduğu fikrini formalaşdırmağa çalışırlar. Halbuki, bu fikir olaraq belə absurddur və bir o qədər də gülüncdür. Əvvəla, özləri də qeyd edirlər ki, bu mərasimdir, yəni ənənədir, adətdir. Deməli, özləri də təsdiq edirlər ki, bu adət-ənənənin dinə aidiyyatı yoxdur. Çünki, din ibadətdir, ənənə deyil. Yaxud, ənənəyə ibadət və ya din adı vermək olmaz. Ənənə ayrı, din və ibadət ayrı məfhumlardır.

Peyğəmbər əxlaqı görmüş şəxsiyyət bu cəhalətə razı ola bilməzdi

Digər tərəfdən, İmam Hüseyn məclisləri dedikdə nə nəzərdə tutulur? Bu mıclisləri, bu mərasimləri İmam Hüseynmi təşkil edir? Yoxsa, İmam Hüseynin mərasim keçirmək barədə hansısa tövsiyyəsi olub? Bəlkə İmam Hüseyn əzalara vurmaq, xəsarət yetirmək, qan çıxarmaq barədə nə isə deyib? Heç inandırıcı deyil ki, Peyğəmbər əxlaqı görmüş və onun nəvəsi olmuş, şəhidlik zirvəsini seçmiş bir şəxsiyyət bu cəhalətə razı ola. Belə olan halda bunlar həmin məclislərə hansı əsasla İmam Hüseyn məclisləri deyirlər?
Imam Hüseyn məclisləri, yaxud mərasimləri adı verdikləri baş yardı, əzaları yaralama, qançıxarma səhnələri heç də müsbət psixoloji aşılama vəd etmir. Əksinə, bu insan psixologiyasına mənfi təzahürlər kimi təsir bağışlayır. Ələlxüsus uşaqların, yeniyetmələrin bu səhnələri izləməsi mənfi emosional vəziyyət yaranmasına şərait yaradır və bütün bunlar isə heç də arzuolinan deyil. Uşaqların məhz bu hallardan mühafizə edilməsi, islamı bu şəkildə dərk etməməsi üçün onların Aşura günü mərasimlərdə iştirak etməsinə qoyulan qadağalar da bu mənada məqsədəuyğundur. Lakin, təxribatçı qüvvələr bu məsələyə də münasibət bildirərkən öz mənafelərini, maraqlarını gizlədə bilmir, uşaqların belə mərasimlərə qatılmasına çalışırlar. Şeytanapərəstlik kimi qələmə verdikləri, Azərbaycanda yaşayan yəhudilərin “Kabala” və “Purin” bayramlarında qanı simvolizə edən maddəni içmə mərasiminə uşaqların buraxılmasını nümumə gətirənlər dərk etmirlər ki, əvvəla bu özlərinin də qeyd etdiyi kimi müsəlmanın yox, yəhudinin bayramıdır. Digər tərəfdən yəhudi qanı simvolizə edən maye içirsə və bunu yəhudi uşaqları da müşahidə edirsə, müsəlman balaları da Aşurada günü hansısa başyarma, qançıxrma mənzərəsini müşahidə etməlidir?

Cəhalət arzusunda olan təxribatçılar unudurlar ki, Azərbaycanda din qanunlarla tənzimlənir

Təxribatçı qüvvələr nəinki uşaqların İmam Hüseyn məclislərində iştirakına qoyulan qadağalara, hətta bu mərasimlərin, məclislərin səngiməsinə görə həyəcan təbili çalmağa çalışır, hay-küy qaldırırlar. Məlum olur ki, bu qüvvələr həmin baş yarma, əzalara zərər vermə, qan çıxarma rituallarının səngiməsindən çox narahatdırlar və bunun daha da qızışdırılmasını arzulayırlar. Bundan əvvəl üzünü cırmaqlayanlar indi baş yarmağa çalışırsa, həmin məclislərin daha da qızışdırılmasını istəyənlər nəyə ümid edirlər? Hansı mənzərənin şahidi olmaq istəyirlər qızışdırmaqla? Kİm zəmanət verir ki, bu qızışdırılmanın nəticəsi kimi gələcəkdə bu xurafat əhli, bu təxribata maraqlılar İmam Hüseyn mərasimi adı altında əzaların kəsilməsini, hətta başların qoparılmasını məqbul saymayacaqlar?

Maraqlıdır ki, bu təxribatçı qüvvələr orta yaşlı nəslin də deyil, məhz uşaqların İmam Hüseyn məclisləri dedikləri başyarma, qançıxarma ənənələrindən çəkindirilməsi, iştirakına qadağalar qoyulmasından daha çox narahatdırlar. Belə məlum olur ki, onlar hələ bu xurafatın, cahilliyin gələcəkdə də davam edəcəyinə ümid edir, insanların qan tökmək kimi ənənələri yaşadacağını arzulayırlar.

İstənilən zaman cihad, şəhadət adı altında insanlar arasında təfriqə salacaqlarına ümid edənlər, təxribatçılar, cəhaləti ön plana çəkmək istəyənlər bir şeyi unudurlar ki, Azərbaycanda din qanunlarla tənzimlənir. Qanunla qeydiyyatdan keçən bütün dini icmalar üçün şərait yaradılıb. Ölkədə tolerantlıq var, bütün din, yaxud hətta təriqət sahiblərinə eyni münasibətlə yanaşılır. Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti bu gün dünyanın hər yerində nümunə kimi göstərilir. Hər kəs öz inancında azaddırsa da başqasını öz təsiri altına salmaq hüququna malik deyil. Yaxud kənar qüvvələrin məkirli niyyətlərinə dini mənəvi dəyərləri alət etməyə heç kimin ixtiyarı yoxdur və məhz bütün bunlar qanunlarla tənzimlənir.