Bakı musiqi məktəblərinin 150-dən çox məzunu tələbə adını qazanıb

18 Sentyabr 2018 16:58 (UTC+04:00)

Ötən tədris ilində Bakı musiqi məktəblərini bitirən 150-dən çox şagird tələbə adını qazanıb. SİA-nın məlumatına görə, onlardan 22-si Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 78-i Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində, 5-i Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, 5-i Bakı Xoreoqrafiya Akademiyasında, 17-si Azərbaycan Milli Konservatoriyasında, 25-i isə Bakı Musiqi Akademiyasında təhsillərini davam etdirəcəklər.

Qeyd edilən məktəblərdə təhsil alan tələbələr mütəmadi olaraq Heydər Əliyev Sarayı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Milli Konservatoriya və digər mötəbər səhnələrdə konsert proqramı ilə çıxış edirlər.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsində 31 musiqi, 6 incəsənət məktəbi fəaliyyət göstərir. Məktəblərdə şagirdlər fortepiano, qanun, kamança, tar, nağara, truba, klarnet, vokal və digər ixtisaslar üzrə təhsil alırlar. Ötən tədris ili ərzində şagirdlər bir çox beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrin qalibi və laureatları olublar.