Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin qərarları açıqlanıb

18 Sentyabr 2018 16:57 (UTC+04:00)

2021-ci il cüdo üzrə dünya çempionatı Avstriyanın paytaxtı Vyanada keçiriləcək. SİA-nın məlumatına görə, bununla bağlı qərar Beynəlxalq Cüdo Federasiyası (IJF) İcraiyyə Komitəsinin Bakıdakı iclasında qəbul olunub. Yarış sentyabrın 12-19-da keçiriləcək.

Komanda yarışlarındakı cüdoçulardan hansının tatamiyə birinci çıxacağını püşk müəyyənləşdirəcək. Bunadək yarışlar “aşağıdan-yuxarı” çəki dərəcələri prinsipi ilə təşkil edilib. Bununla yanaşı, cüdonun illik təqviminə Kanada, İsrail və Çili Qran-prilərinin əlavə olunacağı açıqlanıb.

IJF Hakimlər Komissiyası bildirib ki, son illərdə keçirilmiş nüfuzlu yarışların analizləri nəticəsində görüşlərin 82 faizdən çoxunun əsas vaxtda yekunlaşdığı məlum olub.

İclasda Azərbaycan Cüdo Federasiyasının prezidenti və IJF İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev də iştirak edib.

Qeyd edək ki, cüdo üzrə 2019-cu il dünya çempionatı Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.