Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

18 Sentyabr 2018 16:40 (UTC+04:00)

Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədə məlumat verib.

Mətbuat Şurasından SİA-ya verilən məlumata görə, “Veysəloğlu Qrup” MMC-nin “Bolgexeber.com” xəbər saytına qarşı müraciətini arşdıran komissiya müəyyən edib ki, xəbər portalının dərc etdiyi “Veysəloğlu Şirkətində daha bir rəzalət-işçi bıçaqlandı” yazısında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsipləri pozulub. Material hazırlanarkən, şişirdilmiş, isbatı olmayan məlumatlara istinad olunub, təhqiramiz ifadələr işlədilib. Portal təmsilçisi tələskənliyə yol verildiyini etiraf edib və təkzib yayımlamağa hazır olduğunu bildirib. “Bolgexeber.com”a peşə prinsiplərinin pozulmasına yol verməmək yönündə tövsiyələr verilib.

“Veysəloğlu Qrup” MMC-nin “24 saatxeber.com” portalına qarşı şikayəti araşdırılarkən də eyni mənzərə üzə çıxıb. Portal əməkdaşının şirkət barədə subyektiv mülahizələrini önə çəkdiyi, lazımi araşdırma aparmadığı müəyyənləşdirilib, sayta “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinə diqqətlə yanaşmaq istiqamətində tövsiyələr verilib.

Avropa Azərbaycanlıları Konqressinin İdarə Heyətinin sədri Sahil Qasımovun “Veteninfo.com” xəbər portalına qarşı müraciəti də araşdırılıb. Komissiya müəyyən edib ki, portal “AAK-nin prezidenti Sahil Qasımov Azərbaycanın siyasətinə zidd hərəkət edir” başlıqlı yazını hazırlayarkən qarşı tərəfin mövqeyini öyrənməyib. Materialdakı ittihamedici fikrilərin nə dərəcədə real olduğu araşdırılmayıb. Xəbər saytına tövsiyyə edilib ki, Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri nəzərə alınsın, diaspor kimi ümummilli məsələlərə xüsusi həssaslıq göstərilsin.

İclada müzakirə edilən növbəti məsələ “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Miq.az” xəbər saytına qarşı müraciəti olub. Müəyyənləşdirilib ki, cəmiyyət haqqında hazırlanan materiallarda peşə prinsipləri pozulub. Belə ki faktlar araşdırılmayıb, subyektiv mülahizələrə əsaslanılıb. Xəbər saytının təmsilçisi narazılıq doğuran materiallarda problemlərin olduğunu etiraf edib, təkzib verməyə hazır olduğunu bildirib .

İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi Habil Babayevin “Dogruxeber.az” saytına qarşı şikayəti tərəflər arasında razılıq əldə edildiyi üçün öz xahişlərinə əsasən gündəlikdən çıxarılıb.

“Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin “Demokratik.az” saytının rəhbəri Osman Rzayevə qarşı müraciətini araşdıran komissiya müəyyən edib ki, yayımlanmış yazılarda Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri kobud şəkildə pozulub. Materiallarda təhqir, böhtan halları ilə yanaşı, təhdidlər, hədələr də əks olunub. MŞ adından “Demokratik.az” saytına qarşı ciddi xəbərdarlıq edilib.