Azərbaycan gəncləri Mərakeşdə səfərdə olublar

18 Sentyabr 2018 14:46 (UTC+04:00)

Bu ilin 1-13 sentyabr tarixlərində bir qrup Azərbaycanlı gəncin Mərakeş Krallığına səfəri baş tutub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin proqramına əsasən nümayəndə heyəti Mərakeşin tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olublar. Səfər çərçivəsində gənclər Mərakeş Krallığının Gənclər və İdman Nazirliyində görüşdə iştirak ediblər. Bununla yanaşı, səfər müddətində nümayəndə heyəti Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfrirliyində olub, Fövqəladə və Səlahiyyətli Səfir Tarik Əliyevlə görüşüblər.

Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.1-ci (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi) yarımbəndinə və Azərbaycan Respublikası ilə Mərakeş Krallığının Gənclər və İdman Nazirlikləri arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən baş tutmuşdur.