Kursantların andiçmə mərasimləri keçirilib FOTOLAR

16 Sentyabr 2018 17:18 (UTC+04:00)

Tədris ilinin başlanması münasibətilə hərbi kadrların hazırlanmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların andiçmə mərasimləri keçirilib. SİA-nın verdiyi məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin şəxsi heyətinin, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.

Daha sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.

Təntənəli mərasimlərdə çıxış edənlər gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.