“Florens” qasırğası ABŞ-ın şərq sahillərinə çatıb

14 Sentyabr 2018 18:27 (UTC+04:00)

“Florens” qasırğasının episentri ABŞ-ın Şimali Karolina ştatının Raytsvill Biç şəhərinə çatıb. SİA Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, burada küləyin sürəti saatda 150 kilometrə bərabərdir.

Sentyabrın 14-nə keçən gecə “Florens” qasırğası gücünə görə 5 ballıq Saffir-Simpson cədvəli üzrə birinci kateqoriyayadək zəifləyib. Lakin meteoroloqlar onun hələ də ciddi təhlükə daşıdığını qeyd edirlər. Təbii fəlakətin əsas zərbəsinin Virciniya, Şimali Karolina və Cənubi Karolina ştatlarına dəyəcəyi gözlənilir. Bir qədər əvvəl bu ştatların hökumət orqanları fövqəladə vəziyyət rejimi tətbiq ediblər.

Şimali və Cənubi Karolina ştatlarında güclü leysan yağışları səbəbindən on minlərlə insan elektrik enerjisiz qalıb.

Sentyabrın 12-də ABŞ Prezidenti Donald Tramp ölkənin qasırğaya hazır olduğunu bildirərək, həmçinin vətəndaşları “qasırğa ilə zarafat etməməyə” və ehtiyatlı olmağa çağırıb.