"AXC-nin Azərbaycan elminin inkişafındakı xidmətləri" TƏDBİR

14 Sentyabr 2018 18:14 (UTC+04:00)

YAP Pirallahı rayon təşkilatının Qadınlar Şurasında bu mövzuda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının inzibati binasında YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq "Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafındakı xidmətləri" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva ilk öncə tədbir iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında Sərəncam imzaladığını bildirib. Kəmalə Mustafayeva deyib ki, Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri qeyd edib ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb. XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırlayıb. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundov ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstəriblər.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Afət İbrahimova YAP Pirallahı rayon təşkilatı aparatının məsləhətçisi Günel Məmmədova bildiriblər ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib. Azərbaycanın ilk Parlamenti və Hökuməti, Dövlət Aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Tədbirə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə yekun vurulub.

Rövşən RƏSULOV