Siyavuş Novruzov Monteneqro Sosialistlərinin Demokratik Partiyasının nümayəndə heyəti ilə görüşüb

14 Sentyabr 2018 16:52 (UTC+04:00)

Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə səfərdə olan Monteneqro Sosialistlərinin Demokratik Partiyasının nümayəndə heyəti ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, qonaqları salamlayan Siyavuş Novruzov bu səfərin partiyalar arasında əlaqələrin daha da inkişafıına töhvə verəcəyini bildirib.

Siyavuş Novruzov deyib ki, YAP-la Monteneqro Sosialistlərinin Demokratik Partiyasının geniş əlaqələri mövcüddur. Partiyalar arasında əməkdaşlıq haqqında sənədin də imzalandığını, qarşılıqlı səfərlərin baş tutduğunu xatırladan S.Novruzov bütün bunların əlaqələrin inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Siyavuş Novruzov tərəflərin həmçinin beynəlxalq təşkilatlar, o cümlədən NATO Parlament Assambleyası çərçivəsində də fəal əməkdaşlıq etdiyini söyləyib.

Azərbaycanla Monteneqro arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən YAP İcra katibinin müavini hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin, eləcə də, dövlətlər arasında imzalanmış sənədlərin münasibətlərin genişlənməsində mühüm rol oynadığını vurğulayıb. Siyavuş Novruzov bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, o cümlədən turizm sahəsində əlaqələr yüksələn xətlə inkişaf edir. Onun sözlərinə görə, dövlətlər və partiyalar arasında münasibətlər bütövlükdə xalqlarımız arasında əlaqlərin inkişafıına xidmət edir.

Monteneqro Sosialistlərinin Demokratik Partiyasının Siyasi məsələlər üzrə direktoru Tarzan Miloşeviç Azərbaycana səfər etmələrindən məmnunluğunu bildirib. Azərbaycanla Monteneqro arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu deyən Tarzan Miloşeviç bu münasibətlərin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayıb.

Münasibətlərin bir çox sahələri əhatə etdiyini deyən qonaq Azərbaycanın Monteneqroya böyük sərmayə yatırdığını xüsusi vurğulayıb. Azərbaycan dövləti tərəfindən Monteneqroda ən müasir standartlara cavab verən uşaq baxçasının tikilib istifadəyə verildiyini qeyd edən Tarzan Miloşeviç bildirib ki, bu hadisə ölkəsində minnətdarlıqla qarşılanır. O, bütün sahərdə olduğu kimi partiyalar arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşdə YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edib.