Hərbi ekspert: “Paşinyanı hakimiyyətə gətirən qüvvələr var" ÖZƏL-ŞƏRH

14 Sentyabr 2018 16:21 (UTC+04:00)

“Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaiqşəsinin həlli ilə bağlı bəyanatları Ermənistanın Qarabağla bağlı mövqeyidir. Yəni işğalçı ölkənin Qarabağla bağlı mövqeyi dəyişməyib”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, indiyədək Ermənistanda hakimiyyətə gəlib-gedən bütün şəxslər bu formada Qarabağ məsələsi ilə bağlı bu cür sərt ifadələr işlətməyiblər: “Yəni savadsız şəkildə belə ifadələr söylənilməyib. Görünür Paşinyan “müəllim dərs keçəndə, o dərsdə iştirak etməyib”. Ona görə də o yerli-yersiz “Qarabağı Ermənistanı birləşdirəcəyik” kimi sərsəm fikirlər səsləndirir. Biz Paşinyanın “Qarabağ klanı”na aid olmadığını nəzərə alırdıq və düşünürdük ki, indiyədək onlar hamısı “Qarabağ klanı” dalğasında hakimiyyətə gəliblər. Hətta deyərdim ki, Ermənistan cəmiyyəti Paşinyanın hakimiyyətə gətirilməsi zamanı düşünürdü ki, Paşinyan konstruktiv mövqe tutacaq. Biz də ümid edirdik ki, Ermənistanda hakimiyyətə gələn yeni şəxs Qarabağ məsələsinin həllində düzgün yol tutar və ATƏT-in Minsk Qrupu da bu məsələlərdə daha fəal iştirak edər. Ancaq nəticədə görürük ki, ATƏT-in Minsk Qrupu ümumiyyətlə hər şeydən özünü uzaqlaşdırdı.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev öz mövqeyini bildirib. 25 ildir ki, Azərbaycanın torpaqları işğal olunub. Məgər bu Azərbaycan tərəfindən güzəşt deyil? Ermənistan həyasızcasına hələ Azərbaycandan hansısa güzəştlər tələb edirlər. Mənə elə gəlir ki, Azərbaycandan güzəştlər tələb etmək o deməkdir ki, ölkəmiz artıq öz yumruğunu vurmalıdır və öz Silahlı Qüvvələrinin imkanları ilə Dağlıq Qarabağı azad edib və ərazi bütövlüyünü bərpa etməlidir. Artıq bundan o yana başqa çıxış yolu yoxdur. Bu gün Paşinyanı hakimiyyətə gətirən qüvvələr var. Həmin qüvvələr Paşinyanı müstəqil qərar qəbul etməyə qoymurlar. Təbii ki, Paşinyan da hakimiyyətə gələndən sonra onu hakimiyyətə gətirən qüvvələrin əmrini, tapşırığını yerinə yetirməyə məcburdur. Ona görə də bu gün Paşinyan yerli-yersiz Qarabağ məsələsi gəlib çatanda ağzından od püskürür”.