“Jewish Journal” nəşri Lev Landau haqqında yazıb

14 Sentyabr 2018 15:11 (UTC+04:00)

Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayevin məqaləsi dərc edilib. SİA xəbər verir ki, “Lev Landau: Azərbaycandan olan, Nobel mükafatına layiq görülmüş dahi yəhudi fizik” sərlövhəli materialda əslən Bakıdan olan görkəmli alim Lev Landaunun həyatından və elmi nailiyyətlərindən bəhs edilir. Müəllif yazır ki, Landau 1962-ci ildə maye heliumun kondensasiyalı vəziyyətinin novator nəzəriyyələrinə görə fizika üzrə Nobel mükafatına layiq görülüb.

Landau 1908-ci il yanvarın 22-də Azərbaycanın paytaxtı Bakıda yəhudi ailəsində anadan olub. Onun atası Bakıda neft sənayesində çalışan görkəmli mühəndis idi, ixtisasca fizik olan anası isə Bakıdakı yəhudi orta məktəbində, habelə Bakı Dövlət Universitetində dərs deyib.

M.Yevdayev öz məqaləsində Landaunun elmi fəaliyyəti və bu yolda qazandığı uğurlar barədə söhbət açır. 1929-cu ildə Rokfeller Təqaüdü Fondunun dəstəyi ilə Avropaya on səkkiz aylıq elmi səyahətə çıxan Landau Almaniya, İsveçrə, Böyük Britaniya, Niderland, Belçika və Danimarkada tədqiqatlar aparıb, elmi konfranslarda iştirak edib.

Müəllif yazır ki, Landau öz mədəni tolerantlığı ilə məşhur olan Azərbaycanda doğulub və bir neçə il bu ölkədə yaşayıb. Bu diyarda cəmiyyətin bütün başqa üzvləri ilə bərabər hüquq və azadlıqlardan istifadə edən yəhudi uşaqlar öz məqsədlərinə doğru irəliləmək, məşhur alim olmaq imkanına malikdir. Bunu Azərbaycan Ali Məhkəməsinin hakimi Tatyana Qoldman, Azərbaycan parlamentinin deputatı Yevda Abramov, yəhudi həkim və alim Qavriil İlizarov, Azərbaycanın yəhudi millətindən olan digər tanınmış liderlərin və qəhrəmanların nümunəsi buna əyani sübutdur.

Lev Landau Azərbaycan xalqı və bu ölkədə yaşayan yəhudilər üçün həmişə qürur obyekti olub. Burada müxtəlif etnoslara mənsub olan, dini ənənələri fərqli olan insanlar əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayır. Bakıda görkəmli alimin doğulduğu binada xatirə lövhəsi vurulub. Bundan əlavə, Bakının mərkəzində ən gözəl küçələrdən birinə Landaunun adı verilib.