“YUĞ” yeni mövsümü “Sonuncu” ilə açacaq

14 Sentyabr 2018 15:30 (UTC+04:00)

Azərbaycan Dövlət “YUĞ” Teatrı yeni mövsümü sentyabrın 22-də açacaq. Teatrdan SİA-ya bildirilib ki, sənət ocağı 30-cu mövsümünə Pərvin Nurəliyevanın əsəri əsasında hazırlanmış “Sonuncu” tamaşası ilə başlayacaq. Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edirlər. Səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

Sentyabr ayında “YUĞ” Dövlət Teatrında ümumilikdə beş tamaşa nümayiş olunacaq. Teatr sentyabrın 23-də “Fəna” , 28-də “Medeya.Sekvensiya-01”, 29-da “Təklif. Elçilik”, 30-da isə “Quş dili” tamaşaları ilə tamaşaçıların görüşünə gələcək.