ETSN rəsmisi: "Tədbirlər Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib"

14 Sentyabr 2018 11:43 (UTC+04:00)

Xəzər sahilində keçirilən reydlər zamanı aşkarlanan nöqsanlar açıqlanıb

"Xəzər dənizində mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən respublikamızın Xəzər sahili ərazilərində - Xaçmaz, Astara, Lənkəran rayonları, Sumqayıt şəhəri və Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarında birgə reydlər keçirilib". SİA-nın verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov bu gün keçirilən brifinqdə deyib.

Nazirliyinin əməkdaşının sözlərinə görə, reydlər zamanı Xəzər sahilində yerləşən bəzi istirahət mərkəzlərində və ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların düzgün idarə olunmadığı müəyyən edilib: "Məişət tullantılarının qalaqlanması və çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizə axıdılması ilə bağlı 46 fakt aşkar olunub. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib və onlar inzibati qaydada cərimə ediliblər".

F.Mütəllimov vurğulayıb ki, reydlərdən sonra artıq bəzi obyekt sahibləri tərəfindən verilən göstərişlərin icrası təmin edilib: "Lənkəran və Astara rayonları və Bakı şəhərinin Sabunçu rayonunda obyektlər tərəfindən məcburi göstərişlər yerinə yetirilib və tullantıların təmizlənməsi təmin olunub. Digər rayonlarda isə hazırda bu istiqamətdə tədbirlər görülməkdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülən tədbirlər Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Tərəfimizdən mümkün olan hər şey edilir ki, Xəzər ekoloji sabitlik zonasına çevrilsin".