Elşən Manafov: “Rusiya anlayır ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir ” AÇIQLAMA

12 Sentyabr 2018 18:05 (UTC+04:00)

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Azərbaycan ictimaiyyətində çox böyük maraq doğurur”. Bunu SİA-ya açıqlamasında Politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, burada maraqlı məqam ondan ibarətdir ki, Moskvada bu ayın əvvəlində Azərbaycan və Rusiya prezidentləri arasında yüksək səviyyədə görüş baş tutdu: “Rusiya prezidentinin Azərbaycana olan məlum səfərindən maraq o kontekstdə böyükdür ki, güman edirik ki, ayın əvvəlində Azərbaycan və Rusiya prezidentlərinin baş tutan görüşündə müəyyən məsələlərin müzakirəsinə vaxt qalmadığı və ya o məsələlər ətrafında danışıqların növbəti raunduna və mərhələsinə ciddi ehtiyac olduğundan prezidentlərin 25 sentyabr görüşləri çox böyük əhəmiyyət kəs edəcək. Yəni bunun həm geosiyasi, iqtisadi, siyasi əhəmiyyəti olacaq. Rusiya tərəfinin Azərbaycan hakimiyyətindən müəyyən gözləntiləri var. Rusiya çox gözəl başa düşür ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Həm hərbi gücünə, iqtisadi qüdrətinə görə, maliyyə resurslarına görə və təbii ki, Avropa Enerji Təhlükəsizliyində oynadığı rol Rusiyaya məlumdur. Eyni zamanda, Nəqliyyat kommunikasiya üzərində yerləşən dövlətdir. Bu mənada Rusiya Azərbaycanla bu sahədə də əməkdaşlığa genişləndirmək fikrindədir. Ancaq təbii ki, Azərbaycan xalqını düşündürən, narahat edən ən ciddi məsələ Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində perspektivdə oynaya biləcəyi roldur. Biz bilirik ki, Rusiya Ermənistan iqtidarına təsir göstərmək üçün çox böyük imkanları var. Hətta Ermənistanda hakimiyyətin dəyişilməsinə və Paşinyan iqtidarının Qərb yönümlü siyasətinə baxmayaraq, Rusiyanın Ermənistanın indiki hakimiyyətinə təsir imkanları kifayət qədər böyükdür, genişdir. Ermənistan hakimiyyətinin Qərbə yönəlmiş siyasəti Rusiya iqtidarını ciddi şəkildə narazı salıb. Güman edirik ki, Ermənistan Rusiya münasibətlərində olan bu problemlər bütün hallarda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə təsir göstərə biləcək kompromentlər sırasına aid edilə bilər. Düşünürük ki, ölkədə ən ciddi əməkdaşlıq imkanlarına malik olan tərəf kimi Rusiya Azərbaycanın əhəmiyyətini mahiyyətinə varır və bu mənada Azərbaycanla münasibətləri perspektivdə gələcək inkişafı, regionda sülh, təhlükəsizlik, əməkdaşlıq, regionun tərəqqisi ilə bağlı amillər Azərbaycanın iradəsindən əhəmiyyətli dərəcədə asılı olduğundan Rusiya tərəfi məhz sentyabrın 25-də Bakıda baş tuta biləcək görüşdə Dağlıq Qarabağla bağlı ciddi bəyanatlar verməlidir. Bu bəyanatların veriləcəyi təqdirdə və Rusiya gerçəkdən Dağlıq Qarabağ probleminin yaxın perspektivdə Azərbaycan dövlətçiliyinin xeyrinə, beynəlxalq hüquq normalarına çərçivəsində həllinə kömək edəcəyinə vəd edəcəyi təqdirdə güman edirəm ki, Rusiya iqtidarı Azərbaycanla bağlı gözləntiləri də perspektivdə baş tuta bilər. Düzdü bütün bu məsələlərə münasibət bildirmək Azərbaycanın dövlət başçısının səlahiyyətlərinə aid olan məsələdir. Amma güman edirik ki, məhz Dağlıq Qarabağ probleminin həllində Rusiya Ermənistan tərəfinə təzyiq edib, işğal altında olan torpaqların yaxın perspektivdə Azərbaycana qaytarılacağını vəd edəcəksə, biz Rusiyanı narahat edən məsələlər ətrafında müəyyən konpraminslərə və güzəştlərə gedə bilərik”.