“ATƏT Ermənistan rəhbərlərinin bəyanat və iddialarına münasibət bildirməlidir” ŞƏRH-ÖZƏL

12 Sentyabr 2018 16:59 (UTC+04:00)

“ATƏT-in baş katibi Tomas Qremingerin regiona səfəri mühüm addımdır. Çünki, hər bir məsələni məhz yerində həll etmək, eyni zamanda birbaşa rəhbərdən eşitmək daha məqsədəuyğundur”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Prezident İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşünün mühüm əhəmiyyət kəsb etdiyini deyən siyasi-şərhçi bildirib ki, görüş zamanı Azərbaycanın həm daxili, həm də xarici siyasətində ən mühüm problemi olan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ölkəmizin yürütdüyü siyasət, Avropanın enerji təhlükəsizliyinin təhdidinin qarşısının alınması ilə bağlı eyni müstəvidə aparılan danışıqlar çox təqdirə layiq hal kimi qiymətləndirilməlidir: “Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyinin Dağlıq Qarabağla bağlı bəyanatlarını çatdıraraq bu hərəkətlərin yolverilməz olduğunu ATƏT-in Baş katibinin diqqətinə çatdırdı. Dövlət başçısının da söylədiyi kimi ATƏT Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı təhlükəli bəyanat və iddialarına münasibət bildirməlidir”.

A.Nağıyevin sözlərinə görə, çox təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız çıxışları və keçirdikləri monitorinqlərlə yadda qalır: “Təbii ki, son vaxtlar Ermənistan tərəfindən Dağlıq Qarabağın və 7 rayonun onların ərazisi olması eyni, problemin həlli istiqamətində danışıqlar prosesinin pozulması, bundan başqa yerli parlamentlərə qeyri qanunu olaraq legitim seçkilərin keçirilməsi ATƏT-in Minsk qrupu və rəhbərliyi tərəfindən cavab verilməlidir. Əgər ATƏT doğrudan problemin sülh yolu ilə həllinə çalışırsa, o zaman deklorativ bəyanatlardan qaçmalıdır”.

Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi son bəyanatlara toxunan siyasi şərhçi söyləyib ki, onun fikirləri kütlə, mitinq qarşısında verdiyi sözlərin guya həyata keçirilməsi ilə məşğul olduğunu göstərmək məqsədi daşıyır: “Paşinyan “Dağlıq Qarabağ klanı”nı hərbi xunta kimi sübuta yetirərək onların korrupsiya ilə məşğul olduqları üçün həbs olunmaları ilə bağlı bəyanatlarla çıxışlar etməsinə baxmayaraq, digər tərəfdən də münaqişənin həllini ön plana çəkə bilmir. Əvvəllər 7 rayonun qayıtması ilə bağlı bəyanatlar verən baş nazir bu məsələyə görə, erməni xalqının satqını kimi yadda qala bildiyini anlayaraq öz “səhv”lərini düzəltməyə çalışır. Onun məqsədi gələcəkdə parlament seçkilərinə hazırlaşmaqdır”.