İvanovka kəndinin sakinləri Prezidentin sərəncamını sevinclə qarşılayıblar

12 Sentyabr 2018 16:18 (UTC+04:00)

İvanovka İsmayıllı rayonunda uzun illərdir ki, rusların məşkunlaşdıqları yaşayış məntəqəsidir. Burada 1986-cı ildə kolxoza sədrlik edən Nikolay Nikitinin dövründə tikilən mədəniyyət sarayının bu gün əsaslı təmirə, yeni inventar və avadanlıqlarla təchizatına böyük ehtiyac var. Prezident İlham Əliyevin “İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 sentyabr tarixli Sərəncamına əsasən bu məqsədlə 2,5 milyon manat vəsaitin ayrılması sakinlər tərəfindən böyük sevinclə qarşılanıb.

Xəbər verilir ki, ivanovkalılar kənd mədəniyyət sarayının qarşısında toplaşaraq Prezidentin sərəncamının hər bir qəsəbə sakini tərəfindən minnətdarlıqla qarşılandığını bildiriblər.

Mərasimdə İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndə İvan Prokofyev, N.Nikitin adına kolxozun sədri Vasiliy Novoseltsev, tam orta məktəbin direktoru Polina Radayeva, mədəniyyət sarayının direktoru Natalya Kolpakova çıxış edərək vaxtilə ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin onlara göstərdikləri diqqət və qayğıdan danışıblar. Çıxışlarda Prezident İlham Əliyevin 2005-ci ildə İvanovkaya tarixi səfəri xatırlanıb. Kənddə yeni məktəb binasının, ardınca 15 yerlik müasir xəstəxananın tikildiyi, içməli su xəttinin, asfalt yolun çəkildiyi diqqətə çatdırılıb.

Toplantıda kolxozun müşahidə şurasının sədri Olqa Jabina iştirakçılar adından Prezident İlham Əliyevə ünvanlanan müraciəti oxuyub.

Sonda “Slavyanoçka” folklor qrupu Azərbaycana, o cümlədən İvanovkaya həsr olunan mahnılar ifa edib.