SOCAR istiqrazları yenidən bahalaşıb

12 Sentyabr 2018 15:27 (UTC+04:00)

SOCAR istiqrazları yenidən bahalaşıb. İstiqrazların marketmeykeri “PSG Kapital” investisiya şirkətindən SİA-ya bildirilib ki, ölkənin ən çox alınıb-satılan qiymətli kağızı SOCAR istiqrazları yenidən bahalaşıb. Hazırda istiqrazın birjada alış qiyməti 1022 dollar, satış qiyməti isə 1008,50 dollardır. Bahalaşmanın əsas səbəbləri bazarda istiqraza tələbatın artması və növbəti faiz ödənişinin yaxınlaşması olub. Beləliklə, SOCAR istiqrazlarına investisiya edənlərin sayı artdıqca qiymət göstəricisi də dəyişir.

SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması kimi üstünlüklər SOCAR istiqrazlarına marağın artmasını təmin edir. Alğı-satqısı davam edən istiqrazların təkrar bazarda əməliyyat həcmi 160 milyon dolları ötüb. Bu qiymətli kağız yeni məhsul olmağına baxmayaraq, qısa müddət ərzində korporativ istiqraz bazarında alqı-satqı üzrə ən yüksək mövqedə qərarlaşıb.

2016-cı ilin sentyabrında buraxılan SOCAR istiqrazlarının həmin il korporativ istiqraz bazarındakı payı 53 faiz, ötən il 82 faiz təşkil edib, bu ildən əvvəlindən bu günədək isə həmin göstərici 91 faizdir.

Qeyd edək ki, ötən ilin noyabr ayından SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına da start verilib. REPO əməliyyatları SOCAR istiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq, qısamüddətli və sərfəli şərtlərlə kredit götürmək imkanı qazandırır. İndiyədək REPO əməliyyatlarının həcmi 28 milyon dollar təşkil edib.

Bununla yanaşı, SOCAR istiqrazları sahibləri öz istiqrazlarını razılıq əldə olunan banklarda girov qoymaqla 24 ay müddətinə 1 milyon manatadək və illik 15-16 faizlə güzəştli kreditlər də əldə edə bilər. İnvestorlar kredit götürdükləri zaman istiqrazlardan gələn dollarda illik gəlirlərini də itirmirlər və realda kredit faizi 9-10 faizə qədər enir. SOCAR istiqrazlarının dövriyyə müddəti 5 il, illik gəliri 5 faiz, faiz ödənişi isə hər 3 aydan birdir. Növbəti və cari ilin son faiz ödənişi oktyabrın 17-də həyata keçiriləcək.