Deputat: “Dövlətçilik tariximizlə fəxr edirik” ÖZƏL-MÜNASİBƏT

12 Sentyabr 2018 14:20 (UTC+04:00)

“100 il əvvəl sentyabrın 15-də Bakının bolşeviklərdən və erməni daşnaklardan azad edilməsi Azərbaycanın dövlətçilik tarixində iz buraxmış tarixi hadisədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, 1918-ci ilin may ayında müstəqil Azərbaycan dövləti elan olunmasına baxmayaraq çox basqılarla üzləşmişdi: “Gəncə şəhərində müvvəqqəti yerləşmiş dövlətçilik strukturları məhdud şəkildə fəaliyyət göstərməyə başlamışdı. Azərbaycanın milli ordusunun gücü də mübarizəyə yetərli deyildi və yenicə formalaşmış dövlət təhlükələrlə üz-üzə idi. Amma Qaqaz İslam Ordusunun köməyimizə gəlməsi və Bakının bolşevik və erməni daşnaklardan təmizlənməsi müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin İdarəetmə təşkilatlarının respublikamızın paytaxtı Bakıya qayıtmasına şərait yaratdı. Bakının bolşevik, erməni daşnaklardan təmizlənməsi müəyyən müddətə soyqırımların qarşısını aldı. 1918-ci ildə yaranmış müstəqil Azərbaycan dövləti uzun ömürlü olmamasına baxmayaraq xalqımız 100 illik dövlətçilik tarixinə malik xalqların sırasına yazıldı. Bu bizim xoşbəxtliyimiz idi və bu gün Azərbaycan dövləti 1918-ci ildə yaranmış Xalq Cümuhiriyyətini öz siyasi varisi hesab edir və dövlətçilik tariximizlə fəxr edirik”.