DİM sədri əsas hədəflərdən birini açıqlayıb

12 Sentyabr 2018 11:24 (UTC+04:00)

“Təhsil sahəsində həyata keçirilən islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşısında yeni tələblər qoyur. İndi ümumtəhsil müəssisələrini ağıl, intellekt məktəbinə çevirmək əsas hədəflərdən biridir. Tədqiqatçı alım İ.Lernerə görə, yaradıcı təfəkkür bilik və bacarıqların müstəqil olaraq yeni şəraitdə tətbiqinə, tanış situasiyalarda yeni problemləri və onların həllinin digər üsullarını görməyə kömək edir. Hafizə məktəbindən təfəkkür məktəbinə keçmək, təhsilin nəticəyönümlü və şəxsiyyətyönümlü olması kurikulum islahatının əsas tələblərindəndir. Bu prosesdə təhsilalanların müasir standartlara, islahatın tələblərinə, məzmun və mahiyyətinə uyğun tədris vəsaitələri ilə təminatı mühüm əhəmiyyət kəsb edir". SİA-nın xəbərinə görə, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, 2008-ci ildən başlayaraq hər il yeni fənn kurikulumlarının tələbi ilə müvafiq siniflərdə tədris olunan fənlər üçün müəyyən olunmuş məzmun xətləri və məzmun standartları əsasında dərslik komplektləri nəşr edilir: "Həmin tələblərə əsaslanan qiymətləndirmə vasitələrinin hazırlanması da bu zərurətdən irəli gəlir. Qiymətləndirmə təlim prosesində məzmun standartlarının mənimsənilməsinə yönəl-miş fəaliyyəti izləməyə, yoxlamağa, qarşıya çıxan problemləri, uğursuzluqların səbəblərini araşdırmağa xidmət edir. Qiymətləndirmə təhsilalanların biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması rolunu da yerinə yetirir. Qiymətləndirmə təhsilalan və təhsilverənlərin fəaliyyətini istiqamətləndirməkdə, təhsilin keyfiyyətinə nəzarəti təmin etməkdə vacib amildir".

M.Abbaszadənin sözlərinə görə, islahatların həyata keçirilməsi prosesində qiymətləndirmənin məzmun və forması da xeyli dəyişikliyə məruz qalır: "Bu dəyişiklik, ilk növbədə qiymətləndirmənin bilik və bacarıqları aşkara çıxarmaqla yanaşı, qabiliyyət və kompetensiyaları müəyyən etməyə imkan yaratmasında da özünü göstərir. Dəyişikliklərin inkişafa, tərəqqiyə doğru istiqamətlənməsi, sözsüz ki, müsbət haldır. Lakin bu, dəyişikliklər prosesinin, ümumiyyətlə, təhsil islahatlarının rəvan, problemsiz getməsi demək deyildir. Xüsusilə məktəbdaxili qiymətləndirmənin üsul və vasitələrinin islahatların tendensiyasına uyğun qurulması istiqamətində xeyli işlər görülməlidir Qiymətləndirməyə ciddi elmi-metodiki prinsiplərə əsaslanan, özünəməxsus standartları, formaları, üsulları, vasitələri və bunların reallaşdırılmasına aid prosedurları olan bir sistem kimi yanaşmaq lazımdır. Nəzərə alınmalıdır ki, qiymətləndirmə standartı – təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Odur ki, yeni təhsil proqramları (kurikulum) əsasında məktəb dərsliklərini və metodiki vəsaitləri hazırlayan mütəxəssislər bu kimi məsələlərin həlli üzərində çox ciddi işləməlidirlər".

DİM sədri qeyd edib ki, ümumtəhsil müəssisələrinin V, VI, VII və VIII sinif şagirdləri üçün keçirilən monitorinq imta-hanlarının məzmununun müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən işlər ölkədə məktəb təhsili sahəsində aparılan islahatları izləməyə və qiymətləndirməyə imkan verir: "Buna uyğun olaraq mövcud qiymətləndirmə vasitələri təkmilləşdirilir, yeniləri hazırlanıb tətbiq edilir. Onların yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları araşdırılır. Belə qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları ilə yanaşı, diaqramlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər, situasiya tapşırıqlarından istifadə olunması da diqqət mərkəzində saxlanılır".