BANM-da xanım tələbələrin sayı artır - STATİSTİKA

12 Sentyabr 2018 09:53 (UTC+04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) hazırladığı mühəndislər arasında xanımların sayı get gedə artır. Belə ki, Ali Məktəbin fəaliyyətə başladığı 2012-ci ildə BANM-a 30 nəfər xanım tələbə daxil olmuşdusa, 2018-ci ilin qəbul imtahanlarından sonra bu say 57 olub.

BANM-dan SİA-ya verilən məlumata görə, cari tədris ilindən “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə də ingilis dilli və standartlara cavab verəcək mühəndislər hazırlamağa başlayan Ali Məktəb, yeni ixtisasa da xanımlarım marağını çəkə bilib. Belə ki, bu il ilk dəfə tədris olunacağına baxmayaraq “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə tədris alacaq 24 tələbənin 10 nəfəri xanımdır. Bu il BANM-da tədris alacaq 3 nəfər 700 ballı xanım tələbənin 2-si – Əsra Bayramova və Şəkər Qədirlinin də seçimi elə bu ixtisas olub.

Bu il BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasına 12, “Kimya mühəndisliyi” ixtisasına 20, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına isə 15 nəfər xanım tələbə daxil olub.

“Biz sevinirik ki, BANM olaraq xanımlarda mühəndisliyə sevgi yarada bilmişirik. BANM-ı bitirən xanım mühəndislərin hər birinin uğuru göz qabağındadır. Əminəm ki, məzunlarımızın BANM-ı bitirdikdən sonra karyeralarında əldə etdiyi uğurlar abituriyentlərin seçiminə öz təsirini etmiş olur” – deyə, BANM-ın rektoru Elmar Qasımov bildirib.