Ədəbiyatımızda yeni sima - XALİDƏ NURAY

10 Sentyabr 2018 19:21 (UTC+04:00)

Xalidə Qələndər qızı İsmayılova 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olub. 1969-1979-cu illərdə orta məktəbi, 1981-1985-ci ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil pedaqogika və metodikası fakültəsini bitirib. Bir neçə il orta məktəbdə ibtidai sinif müəlliməsi, 5 il bağça müdiri, 2 il Ali Təhsil Müəssisəsində - Ali Tətbiqi Elmlər Kollecində müəllimə işləyib. Xalidə Nuray yazıb-yaratmağa çoxdan başlasa da özünə qarşı cavabdehliyi çox olduğuna görə şeirlərini çap etdirməyib. Yalnız son zamanlar ədəbi mühitə addım atıb. Şairənin “Xəyallarımızın göz yaşı” adlı ilk şeirlər kitabı şairə-publisist, Prezident mükafatçısı Nəcibə İlkinin redaktorluğu ilə çap ərəfəsindədir. Həmin kitabdan bəzi şeirləri oxucularımızın ixtiyarına veririk. İnanırıq ki, şairə-publisist Xalidə Nurayın bu şeirləri tələbkar oxucularımızın xoşuna gələcək.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

AZƏRBAYCAN

Azərbaycan, ana yurdum!
Bu kəlmələr yaranışdan,
Müqəddəslik məbədinin,
Qibləgahı, zirvəsidir!
Neçə əsr oyanışdan,
Zülümlərin, zillətlərin
Dinən həqiqət səsidir.
Bu zirvəni fəth etməyə,
Sevgi gərək, hünər gərək.
O kəslərin ürəyində vətən eşqi,
Vulkan kimi aşsın, daşsın...
Səni sevən, gərək sənlə qoşalaşsın.
Sinəsini sipər etsin,
Ağır, çətin günlərində.
Yad oğullar doğmalaşsın.
Dağ çəksinlər düşmənlərə.
Yurdumuzda iz qoymağa,
Nərə çəksin bircə kərə,
Yol verməsin yağılara.
Əsrlərlə parçalanmış torpaqları,
Qaytarsınlar öz elinə.
Qərib düşən İrəvanı,
Zəngəzuru, Drbəndimi,
Həsrət gözlü Təbrizimi,
Ozan havalı Göyçəmi...
De, dərdimin hansın deyim...
Birdimi?!
İllərdi düşmənin gözünü oyan
Cavanşirlər yurdu Qarabağımı,

Şikəstənin doğulduğu Şuşamı.
Susan “İsa” bulağımı!
Şəhid qanlı torpaqlarda
Qoy çalınsın cəngi səsi,
Haraylasın vətən üçün,
Candan keçən,vətənsevər oğulları.
Azad edək yağılardan torpaqları.
Düşmənlərdən qisas alaq.
Təmizləyək Xocalının,
Ləkələnmiş yaddaşını.
Əvəzləyək sevinc ilə
Anaların
axan qanlı göz yaşını.
Azərbaycan, ana yurdum,
Türk oğlunun məskənisən!
Qürurunla, hünər göstər,
Qeyrətinlə tarixləri yenilə sən!
Şərəfinlə, şöhrətinlə öyünərək,
Gələcəyə haqq yoluyla,
Zəfər ilə irəlləyək!
Zəfər ilə irəlləyək!

SƏNİ SEVƏNLƏRİN ÖZÜ VƏTƏN

Yaranışdan Vətən bizim özülümüz,
Keçmişimiz, bu günümüz, sabahımız.
Tarixlərin yaddaşında,Vətən səni,
Qorumasaq bağışlanmaz günahımız.

Vətən! Sənsiz bu dünyada söylə, kimik?
Qol-qanadı sındırılmış solan gülük.
Düşməninə ovuc açan muhacir tək,
Vətənsizin ocağında sönən külük.

Vətən, səni sevməyəni sən də sevmə,
Xainlərlə ürəyin heç barışmasın.
İzin vermə, səni qoyub gedənlərə,
Öləndə də, torpağına qarışmasın!

Dağlarımın hər baxışı, gözü Vətən,
Ömrümüzün həm payızı, yazı Vətən!
Xalidənin tükənməyən sözü Vətən,
Vətən! Səni sevənlərin özü Vətən!

20 YANVAR ŞƏHİDLƏRİ

Vətənimin yetmiş illik,
Buxovunu sındırdılar.
Azadlığın məşəlini,
Əbədilik yandırdılar.

Qanla yudu gecəsini,
Odlar yurdun igidləri!
Qaldırdılar haqq səsini,
20 yanvar şəhidləri!

Müstəqillik təməlini,
Yurdumuza ələdilər.
Öz şəhidlik adlarıyla,
Sabaha nur çilədilər,

Baş-bədəndən ayrılsa da,
Ayrılmadı yollarınız.
Ümüdiniz qırılsa da,
Əksilmədi vüqarınız.

İmam Hüseyn şahidləri,
Azadlığa can atdılar.
Qanla vətən torpağının,
Salnaməsin yaratdılar.

Buxovları qırıb atdız,
Tarixlərin şahidləri!
Cəsarətlə Vətən yazdız,
20 yanvar şəhidləri!

ŞƏHİD ANASI

Şəhid anasının fəryadı, ahı,
Ucalır göylərə, ərşə yetişir.
Qəlbinə göylərdən göz yaşı yağır,
Elə bil Allahla, ana dərdləşir.

Ana ağı deyir öz balasına,
Sanki qucağında onu yatırır.
Mələk xoş ətirli Şəhid ruhunu,
Acı göz yaşıyla haqqa yetirir.

Ana gah ağlayır, hıçqırır, susur,
Gah da ki, barışır oğul dərdiylə.
Bəzən ərk eyləyib Tanrıdan küsür,
Bəzən də odlanır can həsrətiylə.

Baxıram anaya, qəlbim oyulur,
Söz tapa bilmirəm təsəlli üçün.
Onun dərd dünyası dünyamı oyur,
Məni dara çəkir söz için-için.

Bircə söz deməyə borclu qalıram,
Səbr edin analar, o gün olacaq.
Qisas alacağıq mənfur düşməndən,
Ağlar gözünüzə sevinc dolacaq.

HƏYAT AMALIM

Dalınca qaçmaram dünya malının,
Qaçsam tez düşərəm şeytan çarxına.
Nə vara baxmaram, nə taxtı-taca,
Haqdan zər düzərəm küskün baxtıma.

Gözümü dikmərəm özgə payına,
Vicdanı nəfsimə ölsəm satmaram.
Zəhmətlə aldığım şor da, bal dadar,
Halalı-harama əsla qatmaram.

Övlada miras tək qoymaram günah,
Əzabın yaşıyar günahsız balam.
İstərəm həmişə düz əməlimlə-
Məni sevənlərin qəlbində qalam.

Baharı qış olan ömür yoluma-
Əbədi dünyama yol alacağam.
Həqiqət andımı bayraq eyləyib,
Ömür yollarıma nur salacağam.

Nədən qorumayım saf insanlığı,
Üzüağ yaşayım verilən ömrü.
Halal qazandığım baş ucalığı,
Gündə yüz yol ölüb, dirilən ömrü.

BAHAR GƏLİR

Çəməndə çiçəklər işvə-naz ilə,
Qayıdan durnalar xoş avaz ilə,
Çağlayan bulaqlar telli saz ilə,
Deyir yurdumuza ilk bahar gəlir.

Oyanır təbiət, canlanır meşə,
Boylanır qar altdan nərgiz, bənövşə,
Üşüyən tellərə şeh düşə-düşə,
Deyir yurdumuza ilk bahar gəlir.

Azalır dağların dumanı, çəni,
Yağış sanki yuyur üzlərdən qəmi,
Günəşin istisi, torpağın nəmi,
Deyir yurdumuza ilk bahar gəlir.

Bağlarda ağaclar ilk çiçəyiylə,
Qızılgül bəzənir tər ləçəyiylə,
Xalidə yaz ünlü söz gerçəyiylə,
Deyir yurdumuza ilk bahar gəlir.

TƏNHA DÜNYAM

Doydum daha bu yalanlar dünyasından,
Günah dolu bu çirkablı dəryasından,
Ovunduğum xoş xəyallar röyasından,
Tənhalaşıb, aralanıb mənim dünyam.

Ürəyimdə gizlətmişəm qəm sevdamı,
Yara kimi göynətmişəm mən, sevdamı,
Göz yaşlarım eyləyibdi nəm, sevdamı,
Əzablardan uralanıb mənim dünyam.

Kimisini bağışlayıb, dərk eyləyib,
Kimisinə doğmalaşıb, ərk eyləyib,
Bağışlanmaz günahlını tərk eyləyib,
Küskünləşib, yaralanıb mənim dünyam.

Yelkənsizəm, axtarıram öz dünyamı,
Çox aradım, tapammadım düz dünyamı,
Xalidəyəm, vərəqləyin söz dünyamı,
Görün, baxın, dəyər verin siz, dünyamı-
Haqqa doğru sıralanıb mənim dünyam!

QADIN GÖZƏLƏRİNDƏ

Ay-ulduzlu kəhkəşanı,
Yeri, göyü asimanı,
Arzudan doğan ümmanı,
Axtar qadın gözlərində.

Şimşək çaxan yağışları,
Zümrüd qaşlı, göy suları,
Fırtınalı dalğaları,
Axtar qadın gözlərində.

İlıq bahar nəfəsini,
Sevənlərin həvəsini,
Gülüşün hər töhvəsini,
Axtar qadın gözlərində.

Mərhəmətin həmdəmini,
Xeyir-dua məlhəmini,
Xoşbəxtliyin hər dəmini,
Axtar qadın gözlərində.

Etibarı, sədaqəti,
İnsanlığa ləyaqəti,
Saf eşqi, saf məhəbbəti,
Axtar qadın gözlərində.

Xalidəyəm, əhdinə düz,
Xəzinədir sinəmdə söz,
Haqqa baxan, mənalı göz,
Axtar qadın gözlərində.


ÜŞÜYƏN XATİRƏLƏR

Mən uşaqlıq illərini,
Xatırlayıb kövrəlirəm.
Uşaq olmaq istəyirəm...
O ərköyün sevgi dolu,
Gözlərimi sıxa-sıxa,
Mən anamın qucağına,
Yapışaraq ətəyindən
çıxa-çıxa...
Əyib başımı köksünə,
Əlini üzümə qoyub,
ürəyinin döyüntüsün,
həyacanla,
özüm duymaq istəyirəm.
Öz sevgimlə baxışına,
Pak ruhuna, gözlərinə
Axıb dolmaq istəyirəm.
Birdən eşidib səsini,
Sevinc dolu gülüşümlə
Üz-gözündən öpə-öpə,
Qucaqlayım mən atamı.
Göz yaşlarım inci kimi,
Süzüb axsın
köynəyinin yaxasına.
Həsrət çəkmiş dodaqlarım,
Yana-yana sinəsinə
Min rəng vursun.
Onsuz keçən günlərimə
Acı-acı dinib yenə “balam” desin.
Sevincimdən qanad açım,
Yenə qaçım...
Uşaqlarla oynamağa.
Kaş ki, dönəydim o çağa...
Uşaq olmaq istəyirəm...
O anları, o hissləri,
bu günümə,
Mən daşımaq istəyirəm,
O tərtəmiz sevgi dolu,
Məhəbbətli illərimi,
Mən yaşamaq istəyirəm.
Harda olsam
Üşüyürəm, isinmirəm...
O istini, məhəbbəti
Yoxluğuyla aparıbdı
atam-anam...
Bu arzuma qovuşmaqçün
Tək əlacım,
Gərək gedəm
Onları axtaram, tapam.

XƏYALLARIMIN GÖZ YAŞI

Xəyaldan asılı ümidlərimdən,
Sevgisiz həyata nifrət doğulur.
Arzular dalınca qaçan könlümün,
Gözündə boy atan arzu boğulur.

Üçan xəyalımda gizlənir eşqim,
Allanır həyalı utanc yanağım.
Hərdən küskünləşib boynunu bükür,
Hərdən gülüşümə olur qonağım.

Nəmli xəyalımın göz yaşı olur,
Üşüyən ümidin, donan baxışın.
Könüldə silinməz ilmə toxuyur,
Qəlbimi oxşayan sevda naxışın.

Qara xəyallarım azır səmada,
Zülmətə bürünür, dolur buludlar.
Qərib duyğularım göz yşlarıyla,
Əl atıb içimdə köksümü odlar.

Buludlar içində ötən xəyallar,
Məni uzaqlara aparır yenə.
Bir vüsal soraqlı dərd aşiqi tək,
Məni öz mənimdən qoparır yenə.