Acı sonluqdan qaçmağın mümkünsüzlüyü

30 Avqust 2018 18:48 (UTC+04:00)

Qəribə bir mühit yaranıb dağıdıcı düşərgədə hər kəs özünü "əsl mxalifətçi" hesab edir. Gülünc iddiadır. Gülüncdür, ona görə ki, hər bir normal, demokratik cəmiyyətdə müxalifətin olması vacibdir. Ancaq bu gün Azərbaycanda olan müxalifət kimisi heç dünyaya gəlməyib. Sual olunsa ki, bu müxalifət bu 25 ildə nə edib, nə dəyişib? Özünə hörmət edən kəs deyər ki, vallah, həmin müxalifəti necə görmüşəmsə, eləcə də qalıb. Sual edəndə ki, nəyə görə belə düşünürsən? Cavab verər ki, müxalifət, əslində, müxalifət olduğundan üzübəri həmin təxəyyülə, həmin təfəkkürə və həmin təsəvvürə malik olan primitiv siyasi dairədir.

Bu primitiv siyasi dairə ancaq özünü "atalı"-"analı" olmaqla, "çox güclü" olduqlarını iddia edirlər. Ancaq anlamırlar ki, ötən zaman kəsimində "əriyərək", yoxa çıxmağa başlayıblar. Yəni "var olduqlarını" deyənlər, indi yox olmamaq üçün də özlərində güc tapa bilmirlər. Xüsusilə, dağıdıcı müxalifətin əsas iki qanadı olan Müsavat və AXCP-də qarşıdurmaların yaşanması da, təbii ki, səbəbsiz deyil.

Abrına hakim olmayan müxalifət

Məhz belə bir məntiq isə, acı sonluqdan qaçmağın mümkünsüzlüyünü özündə ehtiva etmiş olur. Müxalifət düşərgəsində "müxalifətçiyəm" iddiasında olanlar, bir-birini də eşitmir. Bir-birinə qarşı kar olmaq, kor olmaq tendensiyalarından, əl tutmamaq, salam verməmək kimi amillərdən, "sözünü özün deyib, özün eşidirsən" formasındakı "mən səni eşitmək istəmirəm, sən danışsan da, burada bəziləri kənara işləyir" formasında oxşar replikalar yekunda alışmaqda olan barıt çəlləyi üçün bir kibrit çöpü olurlar.

Məntiq və düşüncə, qavramaq, söz eşidib, kəlmə kəsmək insan üçün normal bir şeydir. Ancaq bu normallığı müxalifət düşərgəsində görmək mümkünsüzdür. Çünki bugünkü müxalifətin düşüncəsi budur, səs-küy vasitəsilə qabağa keçəcəklərini düşünsələr də, anlamırlar ki, əslində, səs-küy vasitəsi ilə nə qədər uzun yol qət etsələr, bir o qədər də öz ifşalarına yaxınlaşacaqlar. Bir də müxalifət öz abırına hakim olmasa da, Azərbaycan qanunları öz göstərişlərinə hakimdir və əsla, hansısa siyasi qüvvə üçün "müxalifətçiyəm", müxalifətin "anası" "olması" adlı məhfum qəbul olunmayıb. Bu gün hər bir siyasi qüvvənin mövcudluğuna da, fəaliyyətinə də bərabər təminatlar yaradılıb. Bundan sonra da həmin rentabelliyi qoruyub-saxlayacaq və həmin "müxalifətçiyəm" deyənlər hansı oyunları çıxaracaq, həmin qanunlar üzərində hansı təhrifləri etməyə çalışacaq, bax, bu, artıq tam başqa bir söhbətin mövzusudur.

Faktdır ki, "mənəm-mənəm" deyən müxalifətin arxasında hansısa xarici maraqlı qüvvələr və beynəlxalq təşkilatların dayanır. Amma bir nüansa da toxunaq ki, beynəlxalq təşkilatlar qeyd olunan təşəbbüsdə bulunduqları zaman belə, bunu müxalifətə olan sevgilərindən və ya həmin müxalifətin dəstəkçisi olmaq arzularından irəli gəlmir. Onlar bu zavallıları alət kimi o yan-bu yana fırlayıb, danışdırıb, ortaya ataraq, öz maraqlarını təmin etməyə çalışırlar. Bir də abrına hakim olmayan müxalifətə elə belə də edərlər.

Artıq bu kimi amillərin arxasında, təbii ki, bir sübut dayanır - siyasi hadisələr fonunda siyasi dividend artırmaq və bu yolda istənilən qarşıdurmalara getmək. Ancaq bu "badbaxt" müxalifət anlamır ki, acı sonluqdan qaçmaq mümkünsüzdür. Bunu isə, hər şeyi yaddaşına köçürən və yalan danışmayan zaman da göstərəcək.

RƏFİQƏ