Avropa azərbaycanlıları Merkelin səfərini alqışlayırlar

21 Avqust 2018 18:37 (UTC+04:00)

Almaniya Kansleri, beynəlxalq siyasi səhnənin nüfuzlu fiqurlarından olan Angela Merkelin Cənubi Qafqaza ilk səfəri nəinki region mediasının, hətta dünya mediasının diqqət mərkəzindədir. Qeyd edilməlidir ki, bu səfər Azərbaycan üçün bir çox baxımdan ciddi və əhəmiyyətli hadisə hesab olunur.

Səfər ərəfəsində Almaniyada yaşayan azərbaycanlılar xanım Merkele müraciət edərək ölkələrimiz arasında münasibətlərin tarixinə kiçik ekskurs edib, qarşlıqlı iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsi, mədəni əlaqələrin bu günkü mənzərəsi barədə fikirlərini bildirib, bundan sonrakı əməkdaşlığımızın daha yüksək keyfiyyət nöqtəsinə çatacağına inandıqlarını bəyan ediblər. Olduqca müsbət haldır ki, sağlam düşüncəyə sahib olan soydaşlarımızın Merkelin bölgəyə səfəri, dövlətlərimiz arasında münasibətlərin bu günkü səviyyəsi, Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın nizamlayıcı rolu və s kimi mühüm məsələlərlə bağlı fikirlərinin əks olunduğu yazılar Almaniya mətbuatında geniş yer alıb. Yazılarda Almaniya-Azərbaycan münasibətlərinin istiləşməsindən ehtiyat edən, Azərbaycanı sevməyən, ermənipərəst qüvvələrin maliyyələşdirdiyi bəzi qrupların Almaniya Kansleri Merkelin Azərbaycana səfərinin əhəmiyyətinə kölgə salmaq cəhdlərindən də bəhs edilir. Dərc olunan yazıda qeyd olunub ki, kiçik təxribatçı “qruplar”ın nümayiş etdirdikləri mövqenin vətənpərvər, dövlətlərimiz arasında münasibətlərin davamlı və möhkəm olmasında maraqlı olan azərbaycanlıların mövqelərinə heç bir aidiyyatı və təsiri yoxdur.

MÜRACİƏT

Almaniya Federativ Respublikasının kansleri Xanım Angela Merkelə

Almaniya-Azərbaycan münasibətləri qədim tarixə və qarşılıqlı səmimiyyətə söykənir. XIX əsrin əvvəllərindən başlayaraq bir neçə Alman yaşayış məntəqəsinin Azərbaycanda salınması iki xalqın əlaqələrinin daha da möhkəmlənməsinə tövhə vermişdir. Azərbaycandakı çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələri həmin dövrdə hər iki xalqın çox mehriban və səmimi yaşamasına imkan yaratmış və onların Azərbaycandakı evləri, lüteran kilsələri və memarlıq nümunələrinin bu günədək Azərbaycanda qorunub saxlanmasına imkan yaratmışdır.

Hal-hazırda Azərbaycanda 100-lərlə Alman şirkəti fəaliyyət göstərir. 2017-ci ildə Cənubi Qafqaz regionu ölkələri ilə ümumi ticarətdə Azərbaycanın payı təxminən 66% olmuşdur. Ölkələrimiz arasında ticarət dövriyyəsi 1,0 milyard dollara yaxındır. Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Avropa İttifaqı ilə qarşılqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir. O cümlədən, Almaniya hər zaman dünyanın, beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşan, ədalətli mövqeyi ilə seçilən aparıcı bir ölkəsi olmuşdur. Ümidvarıq ki, Almaniya bu prinsiplərə sadiq qalaraq ATƏT-in Minsk qrupunun üzvü kimi bizim üçün əsas məsələ olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpaqlarının azad olunması və işğal edilmiş torpaqlardan məcburi köçkün düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtması, eləcə də Xocalı soyqrımı üçün ədalətin bərpa edilməsi üçün bundan sonra fəaliyyətini daha da gücləndirəcəkdir.

Bu gün Almaniya azərbaycanlıların sərbəst və rahat yaşayıb, fəaliyyət göstərdiyi inkişaf etmiş bir ölkədir. Almaniya-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı, hər iki xalqın biri-birini daha yaxından tanıması, azərbaycanlıların Almaniyaya inteqrasiyasının sürətlə və effektli həyata keçirilməsi və onların yaşadıqları ölkənin siyasi, ictimai və mədəni həyatına tövhələr verməsi Almaniyada yaşayan azərbaycanlıların əsas məqsədlərindən biridir.

Azərbaycan-Alman münasibətlərinin 200 ildən artıq tarixə malik olmasına baxmayaraq, Almaniya Kanslerinin Azərbaycana səfəri, tarixdə bir ilkdir. Ümid edirik ki, bu səfər Almaniya-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan əlaqələrində yeni bir mərhələnin əsasını qoymaqla bərabər, iki xalq arasındakı əlaqələrin möhkəmlənməsinə də önəmli tövhələr verəcəkdir.

Bu baxımdan da, Almaniya kansleri hörmətli xanım Angela Merkelə Azərbaycana səfərində uğurlar arzu edir və Ermənistana səfəri zamanı bu ölkənin rəhbərliyi qarşısında Azərbaycan ərazilərinin işğalına son qoymağı tələbə etməyə çağırırıq. Biz Almaniyada yaşayan azərbaycanlılar da bu istiqamətdə imkanlarımız daxilindəki bütün dəstəyi verməyə hazırıq.

Hörmətlə,

Almaniyada yaşayan azərbaycanlılar