Füzuli və Cəbrayılın işğalından 25 il keçir

21 Avqust 2018 18:02 (UTC+04:00)

1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Rayonun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri, müvəqqəti olaraq. burada yerləşdirilib. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb. Füzuli rayonu 1988-ci ildən başlayaraq, mütəmadi olaraq, ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar, bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi surətdə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.

Eyni zamanda, avqustun 23-də ərazisi 1050 kv.km olan Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

Cəbrayıldan olan 61 100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb. Bütün bunlara baxmayaraq, ən sevindirici məqam odur ki, Azərbaycan ordusunun 2016-cı ilin aprel döyüşlərində erməni təxribatına layiqli cavab verərək, Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. Bu gün Lələ Təpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edilib. Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir. Birinci mərhələdə yaşayış məntəqəsində 50 fərdi ev, məktəb binası və müvafiq infrastrukturun tikintisindən sonra ikinci mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin inşası aparılır. Qeyd edək ki, bu gün də bu işlər davam etdirilməkdədir. Bu gün bütün ölkə ictimaiyyəti, qaçqın və məcburi köçkünlər hesab edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan bu qətiyyətli addımlar növbəti uğurlarımızın, doğma ellərə "Böyük qayıdış"ın başlanğıcıdır.

Xalqımız Cocuq Mərcanlıya qaydışı ümid verən hadisə kimi qiymətləndirir və bu "Böyük qayıdış"ın gec-tez işğal olunmuş digər rayonlarımızda da reallaşacağına inanır.

Rəfiqə KAMALQIZI