Tapdıq Abbas: “Dezinformasiya yayan şəbəkələrə cavab zərbəsi vurulmalıdır” AÇIQLAMA

21 Avqust 2018 17:39 (UTC+04:00)

“Sosial şəbəkələrdə xaricdən idarə olunan və Azərbaycana qarşı yönələn informasiya terroruna qarşı Azərbaycan mətbuatı operativ, sistemli və ardıcıl iş təşkil etməlidirlər”. Bunu SİA-ya açıqlamasında "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.

Onun sözlərinə görə, bu məqsədlə peşəkar əməkdaşlardan ibarət xüsusi media qrupu yaradılmalı və həmin qrupa lazım olan bütün texniki imkanlar verilməlidir: “Sosial şəbəkələrdə ölkəmizin əlehinə istifadə olunan informasiyalar həmin media qrupu tərəfindən çevik və sürətlə təhlil olunmalı, informasiyanın zərərsizləşdirilməsi üçün ciddi və real əks arqumentlər müəyyən edilməli, yayımlanmış həmin dezinformadiya materialının yayıldığı sosial şəbəkədə inandırıcı faktlarla cavab zərbəsi vurulmalı və təsir gücündən məhrum olunmalıdır. Təəssüflə qeyd edim ki, mətbu orqanlarımız və internet mediamız Azərbaycan əlehinə xaricdən aparılan əks-təbliğat kampaniyasına tutarlı və ardıcıl cavab verməyə köklənməyib. Düşünürəm ki, biz bu sahədə mövcud olan nöqsanlarımızı aradan qaldırmaq üçün əməkdaşlarımız sosial şəbəkələrlə işləməyə hazırlamalıyıq. Əgər sosial şəbəkələrlə işləmək təcrübəsini gündəlik fəaliyyətimizin əsas hissəsi kimi nəzarətdə saxlamasaq, həmin sahə boş qalacaq və o boşluğu ölkəmizin düşmənləri zəbt edib, ölkəmizə qarşı çirkin niyyətlərini həyata keçirməkdə davam edəcəklər. Yəni biz işimizin bir hissəsini sosial şəbəkələrə köçürməliyik”.