Millimiz sabah Yunanıstan yığması ilə qarşılaşacaq

21 Avqust 2018 10:14 (UTC+04:00)

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu sabah keçirəcək. SİA-nın məlumatına görə, "G" qrupunda yer alan komandamız 3-cü tur çərçivsində Yunanıstanla üz-üzə gələcək.

Yığmamız ötən turda olduğu kimi bu dəfə də səfərdə meydana çıxacaq. Qrupda ilk iki pillədə qərarlaşan komandaların mübarizəsinin gərgin keçəcəyi gözlənilir. Meydan sahibləri görüşün favoriti hesab olunsalar da, voleybolçularımızın sonadək mübarizə aparıb uğurlu nəticə qazanmq üçün əlindən gələni edəcəyi şübhəsizdir.

Qeyd edək ki, oyun avqustun 22-də baş tutacaq. Yerli vaxtla 20:30-da start götürəcək qarşılaşmanı çexiyalı Jan Krtiçka və türkiyəli Saadettin Deneri idarə edəcəklər.

Avropa Çempionatı, seçmə mərhələ

G qrupu

III tur

Yunanıstan - Azərbaycan