Qəliz məxluqlar

20 Avqust 2018 17:20 (UTC+04:00)

Düz sözə nə deyəsən ki. Həqiqətən də, insan dünyaya cinayətkar, oğru, vətəninə və xalqına düşmən kəsilmək qismində gəlmir. Hər kəsin həyatda reallaşdırmaq istədiyi arzuları olur. Ancaq həyatın təqdim etdiyi fürsətləri və imkanları lazımınca qiymətləndirə bilmədiyindən, bəzi insanlar uçuruma yuvarlanırlar. Bununla da, nəinki ailəsinin, ümumiyyətlə, cəmiyyətin nifrət obyektinə çevrilirlər. Bəlkə də "ziyanın yarısından qayıtmaq da xeyirdəndir" məsəlinə uyğun olaraq, uçuruma yuvarlanmaqdan qurtulmaq olar. Nə fayda, ağılın topuqda olması, həmin insana həyatın verdiyi növbəti fürsətdən yararlanmağa imkan vermir. Ölməz şairimiz Xaqani Şirvanı belə insanlar üçün çox gözəl deyib: "O insan ki, dözər dərdə, baş əyməz mərdə, namərdə, onu diz çökdürə bilməz tutan dörd əllə dünyanı".

Söz yox ki, sivil dünyanın düz-əməlli insan qiyafəlisi həyatının müəyyən dönəmində dayanır və ətrafına boylanır və səhvlərə yol verdiyini anlayır. Bəziləri bu məqamda geri dönməyə çalışır, bəziləri isə - "nə olar, olar" - deyib, yaşayışını davam etdirir. Razılaşaq ki, ikincilər sinifinə daha çox şou əhlinin ünlü mütrübləri daxildir. Bu məxluqlar "dünya beş günlükdür, ye, iç, atdan və tullan" prinsipi ilə hərəkət edirlər. Onlar üçün fərq etməz, harda atdansınlar və kiminlə tullansınlar. Əsası odur ki, saatları şən, ümumillikdə, günləri xoş keçsin. Rəqsanə, Nadir, Aygün, Röya, Damla və bu kimi mütürüflərin düşük, axmaq hərəkətlərini, yersiz, utanc gətirən danışıqlarına fikir versək, haqlı olduğum məlum olar. Həm də, təsdiq olunar ki, bu məxluqlar üçün abır-həya deyilən anlayış yoxdur. Yersiz olsa da, Bernard Şounun müdirik kəlamı yadıma düşdü. O deyirdi ki, "insan nə qədər çox şeydən həya edərsə, o qədər şərəf və qürur sahibi olar". Dahinin məntiqinə əsaslansaq, Azərbaycan şou- məkanında özünə hörmət edən, düz-əməlli məxluqat yoxdur. "Beşi birinə, biri də heçə dəyməz" məsəlinə uyğun olaraq, hamısı bir bezin qırağıdırlar. Hamsını silib-süpürüb, göndərəsən hoppalara.

Deyirəm ki, bu şəbəkədə qaz vurub, qazan doldurmaq gör necə, göz qamaşdırıcıdır ki, yetişməkdə olan gənc nəslin bəzi nümayəndələri də, bu şəbəkəyə iştahla baxırlar. Elə, gənclər var ki, müxtəlif vasitə və yollardan yararlanmaqla şou əhlinin sıralarına qoşulmağa çalışırlar. Müxtəlif xarici ölkələrdən, Azərbaycanımıza üz tutub, Aygünlə Roya və Nadir Qafaqzadə ilə bir sırada addımlamağa can atanlar var. Hətta məşhurlaşanlar da az deyil. O gün Çeçenistandan təşrif buyuran adını xatırlamadığım bir xanım mütrif televiziyada yayımlanan şou-proqramında oxumağı ilə yanaşı, sındıra-sındıra elə oynayırdı ki, sanki bu qız havalanıb. Sonradan elan verildi ki, bu xanım özünü yaxşı mənada rekalam etmək üçün xüsusi istedadının da olduğunu göstərmək məcburiyyətində qalıb. Yəqin ki, əcnəbi mütüfün şou-məkana iznsiz soxulmağa çalışmasını bəzi həmkarları rahatlıqla həzm etməyəcək. Bir azdan səngərlər qazılacaq və qarşılıqlı top atəşləri başlayacaq. Həmin gəlmənin dəstəyi zəif olsa, vay onun halına. Biçarəni gedər-gəlməzə yola salmaq çətin olmayacaq. Şou məkanında belə misallardan çox çəkmək olar. Hətta əlləri bir qədər uzun olanlar xarici bazarlarına daxil olan mütürüfləri də, sıradan çıxara bilirlər. Misal kimi, bir qədər əvvəl, Damla adlı mütürüfün arxası yaxşı bağlı olmadığından, Rəqsanə adlı rəqibi tərəfindən Moskvadan depotasiya edilməsini göstərmək olar.

Qısası, bu mütrüflər ki var, olduqca qəliz məxluqlardırlar. Onlar özləri bir-birilərinin axırına çıxmasalar, cəmiyyətin onlara güc göstərməsi çətin məsələdir. Amma işartılar, onu deməyə əsas verir ki, şou məkanında bir-birinə diş qıcayanların, yumruq göstərənlərin sayı kifayət qədər çoxdur.

İ.ƏLİYEV