“Tonqal” restoranında baş vermiş zəhərlənmə ilə əlaqədar cinayət işi başlanıb

18 Avqust 2018 16:22 (UTC+04:00)

Azərbaycanda qida təhlükəsizliyinin qorunması istiqamətində atılan addımlardan biri kimi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Lakin bəzi hallarda ictimai iaşə xidmətləri göstərən ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ciddi qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verilir.

Qida Təhlükəsizliyi Agentliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin SİA-ya daxil olan birgə məlumatında bildirilir ki, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında qida təhlükəsizliyinə və istehlakçıların keyfiyyətli qida məhsulları ilə təminatına məsul olan vəzifəli şəxs və ya şəxslərin xidməti vəzifələrinə laqeyd münasibət göstərmələri nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənərək Kliniki Tibbi Mərkəzə və 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Qida Təhlükəsizliyi Agentliyinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən hadisənin baş verdiyi restoranda aparılmış müvafiq epidemioloji araşdırmalarla bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verildiyi müəyyən olunub. Müayinə aparılması məqsədilə ayrı-ayrı qida məhsullarından nümunələr götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub.

Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş hər növ qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.