ADP-nin “REAL”la bağlı iddiası qüvvədə qalır

17 Avqust 2018 17:26 (UTC+04:00)

Sənəd, yoxsa sübut?

Bir müddət öncə, sosial şəbəkə üzərindən təsis qurultayı keçirib partiyaya çevrildiyini elan edən “REAL” hərəkatının bu addımından sonra müxalifət düşərgəsində bir sıra narahatlıqlar baş qaldırıb. Əsas narahatlıqlardan biri isə onsuz da heç bir fəaliyyət mexanizmləri olmayan siyasi müxalifət partiyalarının yerlərinin daralmasıdır ki, İlqar Məmmədovun sədri olduğu “REAL” hərəkatı partiyaya çevrildiyini bəyan etdikdən sonra bu amil özünü daha çox qabartmağa başlayıb. İstər AXCP, istər Müsavat, istərsə də digər partiyalar İ.Məmmədovun sədri olduğu qurumun partiyalar sırasına daxil olmasından elə də razı görünmürlər.

Söz yox ki, ortada olan məqamlardan biri də həmin partiyaların “REAL” tərəfindən siyasi arenadan çıxdaş edilməsi təhlükəsindən ehtiyat etmələridir. Gələcəkdə xarici dipkorpuslarla, səfirliklərlə, eləcə də Qərb təşkilatları ilə əlaqələr məsələsində “REAL”ın da partiya olaraq iştirak etməsi söz yox ki, müxalifət partiyalarında qısqanclıq hissləri yaratmaqdadır. Siyasi ekspertlərin bənzər fikirləri də belə deməyə əsas verir. Misal üçün, iddia olunur ki, İ.Məmmədov bir müddət sonra, özünə maliyyə mənbələri axtaracaq ki, “REAL”ın fəaliyyətini ayaqda saxlaya bilsin.

Yeri gəlmişkən, onu da xatırladaq ki, sonuncu prezident seçkisindən əvvəl və sonra “Milli Şura”dan aksiyalara qoşulmaq kimi təkliflər alan “REAL” hərəkatı həmin təklifləri rədd etdikdən sonra düşərgənin məhz radikal cinahının hücumlarına məruz qaldı. Sosial şəbəkələrdə kəskin fikir ziddiyyətləri yaşanmaqla yanaşı, xüsusilə “Milli Şura”-AXCP cütlüyünün müəyyən qrupları hərəkat təmsilçilərini müxtəlif ittihamlarda suçladılar.

Lakin həmin qarşıdurmalar səngidikdən sonra, bu dəfə “REAL” digər siyasi təşkilat – radikallıqdan az-çox uzaq Sərdar Cəlaloğlunun sədri olduğu ADP tərəfindən kəskin ittihamlara məruz qaldı. Məsələ ondadır ki, ADP sədri artıq partiyaya çevrilmiş “REAL”ın sədri İlqar Məmmədovla bağlı sensasion iddia ilə çıxış etdi. və dedi ki, qarşı tərəf zamanında Azərbaycan dövlətinin maraqlarına zidd olan xəyanətkar bir sənədə qol çəkib. Demokratların sədrinin iddiasına görə, İ.Məmmədov Avropa Şurasına üzv olmaq üçün Dağlıq Qarabağla bağlı heç vaxt məsələ qaldırılmayacağını göstərən sənədə öz imzasını atıbmış.

Görünür, bu səbəbdən, ADP sədri S.Cəlaloğlunun sözügedən iddiasının ardınca, “REAL”ın sədr müavini Azər Qasımlı eyni motivdən çıxış edib və qarşı tərəfi “məntiqsiz” adlandırıb, həmçinin bildirib ki, həmin sənəd əldə ola bilər, ancaq onun saxta olub-omaması da yoxlanılmalıdır.

Beləliklə, müxalifətin siyasi gündəmdə qalmaq üçün göstərdikləri çabalar necə deyərlər, öz “bəhrəsini verir”. Daha doğrusu, ADP sədri “REAL” partiyasının rəhbərliyini bəlli məsələdə ittiham etməklə, “bir güllə ilə iki dovşan vurmağa” çalışıb. Birincisi gündəmdə qalmaq, ikincisi isə müxalifət partiyaları sırasına daxil olan “REAL”ı partiyalar sırasından çıxdaş etmək üçün. Zaman isə öz axarı ilə bütün həqiqətləri üzə çıxaracaq...

Rövşən NURƏDDİNOĞLU