I Yay düşərgəsinə 37 ölkədən azərbaycanlı gənclər qatılacaq

17 Avqust 2018 16:57 (UTC+04:00)

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinə 37 ölkədən azərbaycanlı gənclər qatılacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Şəki şəhərində təşkil ediləcək düşərgədə iştirak edəcək gənclər avqustun 22-dən Azərbaycana gəlməyə başlayacaqlar. Düşərgədə 150-dən artıq gənc toplanacaq. Gənclər ictimai şəxslər, deputatlar, müharibənin ağrı-acısını yaşamış soydaşlarımız, vətəndaş cəmiyyətinin təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də yerli gənclər və diaspor sahəsinin ekspertləri ilə görüşəcək, tarixi məkanlarla tanış olacaq, turizm potensialı barədə məlumat alacaqlar.

Düşərgə iştirakçılarının Qarabağ atlarını da seyr etmək imkanları olacaq. Diaspor gəncləri üçün qısamüddətli olsa da, Azərbaycan dili dərsləri də nəzərdə tutulub.

Diaspor Gənclərinin I Yay düşərgəsi avqustun 28-da başa çatacaq.