Çexiyalı karateçilər "Qaraqaplan" klubunun qonağı olublar

17 Avqust 2018 16:13 (UTC+04:00)

Çexiyanın Libereç şəhərinin karate klubunun bir neçə məşqçi və idmançısı Bakının "Qaraqaplan" klubunun dəvəti ilə paytaxtın qonağı olub. SİA-nın xəbərinə görə, Libereç karate klubunun Baş məşqçisi Petra Piskaçova və onun köməkçisi Hana Dostalovanın rəhbərliyi ilə heyətdə 12 uşaq, yeniyetmə və gənc idmançı yer alıb. Çexiyalı karateçilər bir həftə ərzində "Qaraqaplan" klubunun və Azərbaycan milli komandasının Baş məşqçisi Şahin Xudaverdiyev, eləcə də klubun digər məşqçiləri Cahangir Babayev və Seymur Xudaverdiyevlə birgə müxtəlif zallarda, həmçinin yeniyetmə və gənclərin Baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyilə seçmə komandanın məşqlərində iştirak edərək təcrübə toplayıblar.

İlk dəfə Azərbaycanda olan çexiyalı idmançılar səfərdən çox məmnun qaldıqlarını, dünyada xüsusi yeri olan azərbaycan karatesindən, eyni zamanda Şahin Atamov, Ayxan Mamayev, Asiman Qurbanlı, Tale Yaqubov, Nuranə Əliyeva, İlahə Qasımova, Fidan Teymurova, Mədinə Sadıxova və Ayla Rzazadə kimi dünya və avropa çempionatlarının qalib və mükafatçıları yetişdirən "Qaraqaplan" klubunun onillərlə qazandığı təcrübədən yararlandıqlarını yüksək qiymətləndiriblər.

Hər il Bakıya səfər etməyi planlaşdırdıqlarını deyən Libereç klubunun Baş məşqçi P.Piskaçova, "Qarqaplan" klubunun seçmə heyətini Çexiyaya dəvət edib. Çexiyalı idmançılarla böyük həvəslə çalışdıqlarını deyən Ş.Xudaverdiyev belə görüşlərin çex və azərbaycan idmançı gənclərində böyük marağa səbəb olduğunu, onlar arasında dostluq əlaqələrinin yarandığından məmnunluğunu və hər zaman təcrübədə qazanılan uğurları bölüşməyə hazır olduğunu söyləyib.

Libereçin və "Qaraqaplan" klubları arasında dostluq münasibətləri artıq iki ildir ki, yaranıb. Ötən il Şahin Xudaverdiyev və Şahin Atamov çexlərin dəvəti ilə Libereçdə yerli idmançılara seminar keçib.