BSU-da sənəd qəbulu yüksək səviyyədə həyata keçirilir

17 Avqust 2018 15:18 (UTC+04:00)

Avqustun 16-dan etibarən Bakı Slavyan Universitetində də (BSU) tələbə adını qazanmış abituriyentlərin qeydiyyatına start verilib. Universitetdən SİA-ya verilən məlumata görə, rektor, professor Nurlana Əliyevanın əmri ilə 2018-2019-cu tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədilə universitetdə Sənəd qəbulu üzrə Komissiya yaradılıb və həmin komissiyaya Tələbə və məzunlarla iş şöbəsinin müdiri Nəsib Cəbrayılov rəhbərlik edir. O, adıçəkilən universitetə bu il plan üzrə 1085 tələbənin qəbulunun nəzərdə tutulduğunu bildirib.

Birinci turda artıq 987 nəfər tələbənin BSU-nun müxtəlif ixtisasları üzrə seçim etdiyini deyən komissiya sədri bununla da plan üzrə qəbulun artıq 91 faizinin yerinə yetirildiyini vurğulayıb. N.Cəbrayılov boş qalan yerlərin ikinci turda tutulacağına ümid etdiyini dilə gətirib.

Qeyd edək ki, qeydiyyat 16-28 avqust (şənbə, bazar və bayram günləri istisna olmaqla) tarixlərində saat 09:00-dan 17:00-dək aparılır. Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı BSU-nun internet saytı və rəsmi facebook səhifəsində yerləşdirilib.

Mövcud qaydalara görə, tələbə adını qazanmış şəxslər avqustun 16-dan 28-dək sənədlərini qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzinin məlumatında o da bildirilir ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 16-dan 20-dək İnternet vasitəsilə həyata keçirilir.