Su dəyirmanları - Naxçıvanın zəngin tarixinin bir parçası

16 Avqust 2018 18:48 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında əkinçilik çox qədim tarixə malikdir. I Kültəpə, Uçan ağıl, Ovçular təpəsi, Zirincli yaşayış yerləri və digər qədim ərazilərdə aparılan arxeoloji tədqiqatlar Neolit, Eneolit dövrlərində Naxçıvanda əkinçilik mədəniyyətinin mövcudluğunu, eləcə də yerli əhalinin dənüyütmə ilə məşğul olduğunu təsdiq edir. Abidələrin əksəriyyətində çaxmaqdaşından düzəldilmiş oraq dişlərinin aşkarlanması taxıl əkinçiliyinin qədim dövrdə formalaşdığını müəyyənləşdirirsə, ən yüksək dağ qurşaqlarında aşkarlanan dən döyən daşlar heyvandarlığın inkişafını, yaylağa köçənlərin özləri ilə hazır un yox, buğda aparıb həmin daşlar vasitəsilə un şəklinə salaraq istifadə etdiklərini göstərir. Dən üyütmək üçün su dəyirmanlarının meydana gəlməsi digər ibtidai vasitələrdən istifadəyə son qoyub. Bəs əsrlər boyu xalqımızın məişətinin ayrılmaz hissəsi kimi tarixə düşmüş, bugünkü nəsillərin çoxunun görmədiyi, haqqında təsəvvürü belə olmayan su dəyirmanları insanların həyatında nə kimi rol oynayıb?

Tədqiqatçı Zaleh Novruzov azərtac-ın Naxçıvan bürosunun əməkdaşına bildirib ki, arxeoloji tədqiqatlar zamanı Babək rayonu ərazisində antik dövrə aid Meydantəpə abidəsində dəyirman kimi istifadə edilmiş böyük sal daş, eyni vaxtda işlədilən bir neçə üst daş aşkar edilib. Alt daşlarına bəzən qəbiristanlıqlarda başdaşı kimi də rast gəlinir. Rayonun Sirab və Didivar kəndlərinin qəbiristanlıqlarında bu cür başdaşıları var.

Qədim dövrlərdə dəyirmanda üyüdülən taxıla görə alınan rüsum “şahad” adlanırdı. Su dəyirmanlarında daşların üzərinə çəpəki, enli və qalın taxta vurulardı. Taxtanın və daşın ətrafındakı örtüyün üzərinə qonan un tozu isə zəhməthaqqı olaraq dəyirmançıya çatardı. Buna “ard unu” (ardı, arxası) deyərdilər. “Dəyirmançı qızın verdi, dalınca da ard unu” məsəli də buradan yaranıb. Su dəyirmanında un növlərə ayrılmadığı üçün kəpəkli olur. Ard unu isə un tozu olduğu üçün indiki əla növ un keyfiyyətində idi. Xalq arasında “Dəyirman öz bildiyin edər, çax-çax baş ağrıdar” zərb-məsəli də səbəbsiz yaranmayıb. Belə ki, dənliyin şırranına çəpəki olaraq bir ağac bağlanar, ağacın digər ucu yaxında bərkidilmiş deşiyə keçirilərdi ki, hərəkət edə bilsin. Bu qol ağacına perpendikulyar birləşən digər ağacın ucu dəyirmanın üst daşının üzərinə qoyulardı. Dəyirman işlədikcə çax-çax aramla qalxıb-düşər, şırranı silkələyərdi ki, dənliyə dən tökülsün. Bu proses də səsli-küylü olardı. “Çax-çax baş ağrıdar” sözü də buradan yaranıb.

Zaleh Novruzov deyir ki, dəyirmanlarla bağlı geniş yazılı məlumata 1727-ci il “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə rast gəlinir. Adıçəkilən mənbədə göstərilir ki, həmin dövrdə Naxçıvan sancağı 14 nahiyədən ibarət olub və ərazisində 315 yaşayış məntəqəsi yerləşib. İndiki Ararat rayonunun cənub-şərq hissəsi, Yexeqnadzor rayonu bütövlükdə, Cermuk rayonunun tam yarısı, Sisiyan rayonunun böyük bir hissəsi, Mehri də daxil olmaqla, Naxçıvan ərazisinə aid idi. Müfəssəl dəftərdə natura şəklində qeyd edilən vergini nəzərə alaraq Naxçıvan ərazisindən 642 ton buğda, 574,3 ton arpa və 20 ton darı yığıldığı bildirilir. Hesablamalara görə, həmin dövrdə indiki Naxçıvan ərazisində, təxminən, 25 min 300 nəfər əhali yaşayıb. İnsanların hasilə gətirdikləri buğda o dövrdə mövcud olan su dəyirmanlarında üyüdülüb.

“Tarixi mənbələrdə su dəyirmanlarının ilk orta əsrlərdən Azərbaycanda yayıldığı göstərilir. 1727-ci ilə aid sənəddə ərazidə mövcud olan dəyirmanların işləyən və işləməyənlərinin siyahısı, həmçinin onlardan toplanan vergi qeyd edilib. Siyahıya görə, Naxçıvan ərazisində 38 dəyirman ilboyu, 106 dəyirman yarım il işləyib. 57 yararsız dəyirman olub. Yarım il işləyən dəyirmandan 30, ilboyu işləyən dəyirmanlardan isə 60 axça vergi alınırdı” – deyən Zaleh Novruzov qeyd edib ki, sovet hakimiyyəti illərində tarix və etnoqrafiyamıza bəslənilən laqeyd münasibət su dəyirmanlarından da yan keçməyib. Belə ki, bu dövrdə onların hamısının fəaliyyəti dayandırılıb, daşları isə daşınıb aparılıb.

“Müstəqillik illərində muxtar respublikanın əksər kəndlərində vaxtilə mövcud olmuş su dəyirmanlarının fəaliyyəti bərpa edilib. Culfa rayonunun Kırna, Camaldın və Saltaq kəndlərində, ötən ilin sentyabr ayında isə Babək rayonunun Payız kəndində tarixi su dəyirmanı da yenidənqurmadan sonra istifadəyə verilib. Tarixi mirasımız olan su dəyirmanlarına göstərilən həssas münasibət, onların bərpa olunaraq yenidən sakinlərin istifadəsinə verilməsi xalqımızın məişət mədəniyyətinə, etnoqrafiyasına göstərilən diqqətin daha bir ifadəsidir”, - deyə tədqiqatçı bildirib.