"Azərbaycan istənilən halda öz torpaqlarını işğaldan azad edəcək"

15 Avqust 2018 15:26 (UTC+04:00)

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyevin yap.org.az saytına müsahibəsi:

- Musa müəllim, öncə Milli Məclisin Səhiyyə komitəsində 2018-ci il yaz sessiyası dövründə görülən işlərlə bağlı məlumat verməyinizi istərdik. Hesabat dövründə hansı məsələlər müzakirəyə çıxarılıb?

- 2018-ci ilin yaz sessiyası dövründə Səhiyyə Komitəsində “Dərman vasitələri haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər edilməsi məqsədilə işçi qrupu yaradılmış, Qanunun 19 maddəsinə 40-a yaxın əlavə və dəyişiklik edilmiş, layihə Milli Məclisin plenar iclasında müzakirə olunaraq qəbul edilmişdir. Səhiyyənin və müasir tibbin aktual problemlərindən biri olan donorluq və orqan köçürülməsi, xüsusilə meyiddən orqan köçürülməsi sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və genişləndirilməsi məqsədilə bu mövzuda mütəxəssislərin iştirakı ilə parlament dinləməsi keçirilmiş, işçi qrupu yaradılmışdır. Hazırda “Orqan və toxumaların transplantasiyası haqqında” Qanuna əlavə və dəyişikliklər üzərində iş aparılır. Payız sessiyasında işçi qrupunun təklifləri müzakirəyə təqdim ediləcək.

Yaz sessiyasında daha bir aktual problem - əhalinin optik vasitələrlə təminatının keyfiyyətinin yüksəldilməsi sahəsində olan çatışmazlıqların aradan qaldırılması və optika və optometriya xidmətini müasir tələblər və standartlar səviyyəsində qurmaq məqsədi ilə oftolmolq və optikaçıların iştirakı ilə dinləmə keçirilmişdir.

- Parlamentin Səhiyyə komitəsinin payız sessiyasının İş Planı barədə nə deyə bilərsiniz? Komitə tərəfindən parlamentin payız sessiyasının müzakirəsinə hansı məsələlərin çıxarılması nəzərdə tutulur?

- Payız sessiyası başlayanda Komitəmizin ilk iclasında bu məsələlər müzakirə olunacaq və Komitə üzvlərinin təklifləri əsasında iş planı tərtib ediləcək. Səhiyyə Komitəsinin gündəliyində olan və üzərində iş aparılan bir neçə Qanun layihəsinin adını çəkmək yerinə düşərdi. “Reproduktiv sağlamlığın qorunması haqqında” və “Psixoloji yardım haqqında” qanun layihələri parlamentin plenar iclasına təqdim oluna bilər. Yuxarıda haqqında bəhs etdiyimiz “Orqan və toxumaların transplantasiyası haqqında” Qanuna əlavə və dəyişikliklər də bu payız sessiyasında komitədə müzakirə olunaraq Milli Məclisə tövsiyə edilə bilər. Məlum olduğu kimi, gələn ildən icbari tibbi sığortanın ölkəmizdə daha geniş şəkildə tətbiq edilməsi nəzərdə tutulur. Bu məqsədlə qanunvericilikdə hüquqi bazanın genişləndirilməsinə ehtiyac var. Bu baxımdan, icbari Tibbi Sığorta Agentliyi ilə birgə dinləmə keçirilməsi və “Tibbi sığorta haqqında” Qanuna əlavə və dəyişiklik edilməsi məsələsi də payız sessiyasında gündəlikdə olacaq layihələrdəndir.

- Musa müəllim, Ermənistanda cərəyan edən proseslər diqqət mərkəzindədir. Xüsusilə də, bu ölkədə siyasi-hüquqi xarakterli hadisələrlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu ölkədə bir tərəfdən baş tutan həbslər, digər tərəfdən sosial-iqtisadi tənəzzül, nəhayət, Rusiya ilə münasibətlərdə meydana çıxmış problemlər ciddi müzakirə və mübahisə predmetinə çevrilib. Bu proseslərlə bağlı fikirləriniz nədən ibarətdir?

- Ermənistan kimi cırtdan və gücsüz dövlətlər heç zaman müstəqil siyasət yürüdə bilmirlər, kiminsə vassalı, şəraitdən asılı olaraq əl maşası, yaxud qapazaltısı olurlar. Bu mənada, Ermənistan nəinki istisna deyil, tarix səhnəsində biabırçı bir nümunədir. Qafqaza ermənilərin köçürülməsi və Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması vaxtilə çar Rusiyasının müsəlman əhalinin yaşadığı İrana və Osmanlı İmperatorluğuna qarşı xristian buferi yaradılması məqsədi güdürdü. İndi də istər Qərb, istərsə də Rusiya Ermənistandan təzyiq vasitəsi kimi öz maraqları üçün istifadə edirlər. İşğalçı Köçəryan-Sərkisyan xunta rejiminin Ermənistanda hakimiyyətə gətirilməsi və uzun müddət iqtidarda qalması bir xarici gücün maraqlarına xidmət edirdisə, Paşinyanın ortaya çıxması və gözlənilmədən hakimiyyətə yiyələnməsi, görünür, ağaların əlcək dəyişməsi və vassalın ağa dəyişməsi prosesinin ifadəsidir. Hər halda fikrimcə, bu dəyişmədə ermənilər həmişə olduğu kimi yenə də alət rolunu oynamaqdadır. Əsas reallıq bundan ibarətdir ki, Ermənistanda ictimai- siyasi sabitlik pozulmuşdur və yaxın zamanlarda hadisələrin daha da kəskinləşməsinin şahidi ola biləcəyik. “Qarabağ klanı” deyilən Köçəryan-Sərkisyan bandasının iqtidardan və ölkədən qovulması prosesinə start verilmişdir. Amma nəzərə alaq ki, Ermənistan bütövlükdə kriminal bir dövlətdir və Paşinyan da faktiki olaraq çevriliş yolu ilə hakimiyyətə yiyələnmişdir. Onun hansısa demokratik-hüquqi islahatlar aparacağına inanmaq lazım deyil.

Bəli, Ermənistan iqtisadi, siyasi böhran, sosial səfalət içərisindədir. Ölkədə yoxsulluq 30, işsizlik 20 faiz həddindədir, hər il Ermənistanı 50 min insan, özü də əmək qabiliyyətli əhali tərk edir və geriyə qayıtmır. Ölənlərin sayı doğulanların sayını üstələyir, Ermənistan qocalan və içərisindən çürüyən bir ölkə halındadır. Bu proses getdikcə dərinləşməkdədir. Paşinyan adminstrasiyasının Qərb qarşısında müxtəlif referanslar etməsinə baxmayaraq, ermənilərin Rusiyadan asanlıqla qopacağına inanmaq çox çətindir.

- Prezident İlham Əliyev avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı zamanı Ermənistanın yeni hökumətinin əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalı olduğunu diqqətə çatdırdı. Dövlət başçısı torpaqlarımız qayıtmayana qədər sülh olmayacağını və Ermənistanın yeni rəhbərliyinin bunu çox yaxşı başa düşməli olduğunu da xüsusi olaraq vurğuladı. Bu məsələlərlə bağlı nə düşünürsünüz?

- Bəli, cənab Prezident İlham Əliyevin çıxışı zamanı Qarabağ məsələsi ilə bağlı söylədiyi fikirlər həm Ermənistanın yeni rəhbərliyinə, həm də dünya birliyinə bir mesaj idi ki, Azərbaycan istənilən halda öz torpaqlarını işğaldan azad edəcək, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Ancaq Paşinyan hökuməti öz ölkəsinin və xalqının gələcəyini düşünürsə, konstruktiv mövqe nümayiş etdirməli, öz sələflərinin səhvlərini təkrar etməməlidir. Erməni rəhbərliyi anlamalıdır ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyənə, məcburi köçkünlər öz ata-baba torpaqlarına qayıtmayana qədər ədalətli sülhdən danışmaq olmayacaq. Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək. Müxtəlif bəhanələrlə danışıqlardan yayınan erməni rəhbərliyi anlamalıdır ki, danışıqları uzada bilərlər, amma Azərbaycan torpaqlarını uzun zaman işğal altında saxlaya bilməyəcəklər. Dünyanın ən güclü 30 ordusundan biri olan Azərbaycan Ordusu Ali Baş Komandanın əmrini gözləyir və bir həftə yetərlidir ki, bütün işğal olunan torpaqlarımızda üç rəngli bayrağımız dalğalansın. O gün uzaqda deyil. Lələtəpə və Günnüt əməliyyatları da bu həqiqəti əyani şəkildə göstərdi. Əgər onlar bu regionda yaşamaq istəyirlərsə, qonşuları ilə münasibətləri normallaşdırmalı, müxtəlif əsassız iddialardan əl çəkməlidirlər.