“REAL” müxalifətə qarşı hücuma keçəcəkmi? MÜXALİFƏT-ANALİZ

15 Avqust 2018 12:52 (UTC+04:00)

İlqar Məmmədovun əsas hədəfində olanlar AXCP və Müsavat partiyalarıdır

Hələ sonuncu prezident seçkilərindən öncə radikal müxalifət düşərgəsində yaşanan gərginliklər, xüsusilə, dağıdıcıların “boykot” taktikası üzərində dayanmalarına rəğmən, digər cinahın bu prosesə qoşulması qərarı bu arenanı bir neçə hissəyə bölmüşdü. Lakin digər bir məqam AXCP və Müsavat partiyalarının ictimai-siyasi vəziyyətdən sui-istifadə edərək, düşərgədaxili təşəbbüsləri öz nəzarətlərinə götürmək cəhdləri idi. Düzdür, bunların heç biri baş vermədi, hətta AXCP sədri Əli Kərimlinin nəzarətində olan “Milli Şura” müxalifətin bütün tərəflərini mitinqə dəvət etsə də, həmin aksiya əvvəlkilər tək istənilən nəticəni vermədi. Bununla bir daha sübut olundu ki, ənənəvi müxalifət bir araya gələrsə belə, heç bir siyasi uğur əldə edə bilmək iqtidarında deyil. Üstəlik, AXCP-nin əzəli düşməni kimi qiymətləndirilən Müsavat partiyası belə, “ümummüxalifət” aksiyasına qoşulsa da düşərgənin acınacaqlı halı nəzərlərdən yayınmadı.

Daha bir “ana müxalifət” iddiaçısı

Ancaq ortada digər bir maraqlı nüans diqqətlərdən yayınmadı. Misal üçün, həmin vaxtlar sədri həbsə olan “REAL” hərəkatı ( artıq hərəkat partiyaya çevrilib-R.N.) aksiyaya qoşulmaq çağırışlarına rədd cavabı verdi. Hətta qurumun aparıcı funksionerləri hesab edilən Natiq Cəfərli, Rəsul Cəfərov və başqaları o zamanlar həbsdə olan İlqar Məmmədovla müzakirə aparıb, məsləhətləşdiklərini və ikincinin onlara “Milli Şura”nın mitinqlərinə qatılmamaq tapşırığı verdiyini mətbuata açıqladılar. Bu isə ilk növbədə belə bir təəssürat yaratdı ki, İlqar Məmmədov həbsdən çıxar-çıxmaz əsas hədəf olaraq, AXCP və Müsavat partiyalarını götürəcək və bu partiyaların sıradan çıxarılması, “REAL”ın isə ana müxalifəti ələ keçirmək istiqamətində iş aparacaq. Əbəs deyil ki, “REAL”ın mitinqləri rədd etməsinin ardınca, sosial şəbəkələrdə bu qurumlara qarşı sözün əsl mənasında söyüş yağmuruna start verildi.

Hazırda o da məlumdur ki, “REAL” partiyasının sədri İlqar Məmmədov azadlığa buraxılıb və onun azadlığa buraxılması hər iki partiyanı – AXCP və Müsavat rəhbərliyini ciddi şəkildə narahat etməyə başlayıb. Ümumiyyətlə, həm Əli Kərimlinin, həm İsa Qəmbəri və Arif Hacılının İlqar Məmmədovu həzm etməməsi, eləcə də onun azadlığa çıxması siyasi opponent olaraq, onların məhv edilmək təhlükəsinin mövcudluğu məsələsini gündəmə gətirib.

İlqar Məmmədov həbsdə ola-ola Əli Kərimlini necə üstələmişdi?

Misal üçün, onu da xatırlatmaq olar ki, sosial şəbəkələrdə AXCP sədri Əli Kərimli ilə REAL-ın sədri İlqar Məmmədov arasında virtual səsvermə kampaniyası keçirilmilşdi. Bu kampaniyada İlqar Məmmədov Əli Kərimlini xeyli üstələmişdi. Bunun ardınca, AXCP və “REAL” qruplarının bir-birlərin ən ağır ittihamlara məruz qoymaları onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirdi. Ona görə də, bütün bunlardan sonra daha çox simasızlıq təsiri bağışlayan Əli Kərimlinin REAL-ı “Milli Şura”nın mitinqlərinə dəvət etməsi qətiyyən səmimiyyət təsiri göstərə bilməzdi. Məsələ həm də ondadır ki, tərəflər daim bir-birlərini hakimiyyətə işləməkdə günahlandırmaqla, necə deyərlər, vəziyyətdən çıxmağa çalışıblar. Burada da məqsəd özlərini daha çox müxalifətçi göstərmək olub. Məsələn, Ə.Kərimli virtual səsvermə zamanı uduzduğunun fərqinə vardıqdan sonra heç bir sübuta və əsasa söykənməyən belə bir dırnaqrarası fərziyyə irəli sürmüşdü ki, guya hakimiyyət İ.Məmmədovun virtual səs yığmasında müəyyən yardımlar göstəribmiş (?!-R.N.)

“REAL”ın payız planları – qarşısına çıxan müxalifət partiyasını məhv etmək

Ancaq bunun belə olmadığını elə “REAL”ın icraçı katibi Natiq Cəfərli bu arqumentlərlə rədd etmişdi: “Yəni onlar çox bəsit ritorikadan istifadə ediblər. Bu dəfə də belə iddiaların səslənməsi, açığı, REAL-ın və İlqar Məmmədovun nüfuzuna kölgə salmaq məqsədi daşıyırdı. Təəssüf ki, yenidən qarşı tərəfin aqressiyası, səviyyəsiz, aşağılayıcı sözləri ilə üzbəüz qaldıq”.

Lakin həmin ittihamların və qarşıdurmaların hər birindən İlqar Məmmədovun bixəbər olması absurd görünə bilər. Ona görə də, hələlik danışmayan, ancaq bir müddət sonra mətbuat konfransı keçirərək fikirlərini ictimailəşdirəcəyini deyən “REAL” sədrinin qarşısında dayanan əsas məqsədin ona mane olacaq tərəfləri – xüsusilə AXCP və Müsavatı hədəfə alacağı bəri başdan məlumdur. Bu baxımdan, hesab etmək olar ki, yay mövsümü başa çatar-çatmaz ənənəvi və radikal müxalifət düşərgəsində kəskin dəyişikliklərin yaşanacağı proqnozlaşdırıla bilər.

Rövşən NURƏDDİNOĞLU