Konvensiya Ermənistanı regional layihələrdən təcrid edib RƏY

15 Avqust 2018 09:53 (UTC+04:00)

Ermənistan Xəzər dənizindən uzaqda yerləşsə də, Xəzərin statusu ilə bağlı imzalanan Konvensiya ölkənin maraqlarına təsirsiz ötüşməyəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu enerji təhlükəsizliyi üzrə ekspert, beynəlxalq politoloq Vaqe Devatyan açıqlamasında deyib.

Onun sözlərinə görə, Konvensiya Ermənistanın maraqlarına birbaşa təsir etməsə də, dolayı yolla öz mənfi təsirlərini göstərməkdədir: “Geosiyasi nöqteyi-nəzərdən Konvensiyanın imzalanması nəticəsində Ermənistan regionda hərbi-siyasi və geosiyasi əhəmiyyətini itirmiş olur”.

Ekspertin sözlərinə görə, Krımın birləşdirilməsi, Suriyada əldə edilən uğurlar, eləcə də Xəzərin statusu haqqında Konvensiyanı imzalayan Rusiya mövqelərini möhkəmləndirərək Qara dəniz - Xəzər dənizi regionuna nəzarət etmək imkanı qazanıb: “Bu baxımdan Ermənistan Zaqafqaziyada mövqeyini itirir”.

Bundan əlavə, enerji təhlükəsizliyi üzrə ekspert bildirib ki, Xəzər dənizinə dair Konvensiyanın imzalanması Rusiya, Azərbaycan və İran arasında bir çox sahələrdə, xüsusilə də İrəvanın maraqlarına təsir edən iqtisadiyyat, enerji və nəqliyyatda əməkdaşlığı gücləndirəcək: “Bu gün biz görürük ki, Ermənistan və Azərbaycan ərazisindən keçirilməli olan əsas nəqliyyat və logistika layihələri tamamilə Azərbaycan ərazisinə yönəldilib. Xəzər Konvensiyası təbii olaraq bu prosesin canlanması üçün ön şərtlər yaradır. İran-Ermənistan dəmir yolu layihəsinin dondurulması və bu marşrutun da Azərbaycan-İran ərazisinə yönəldilməsi də nəzərdə tutulur”.

Ekspertin fikrincə, Konvensiya İran-Ermənistan-Gürcüstan-Rusiya enerji dəhlizi layihəsinə də ciddi şəkildə təsir edə bilər: “Bütün bunlar, Ermənistanın regional geosiyasi proseslərdən təcrid olunduğuna gətirib çıxaracaq”.