İran səfiri: “Xəzər dənizi suverenlik və təhlükəsizlik dənizidir" MÜSAHİBƏ-EKSKLÜZİV - SƏS TV

14 Avqust 2018 17:18 (UTC+04:00)

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin SƏS TV-yə müsahibəsi

- Cənab səfir, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. V Xəzər Sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər. Bu Konvensiyanın əhəmiyyətini necə qiymətləndirirsiniz?

- İlk öncə sizə və Azərbaycan xalqına salamlarımı çatdırıram. 20 ildən artıq idi ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələ gündəmdə idi. 5 ölkənin xarici işlər nazirləri mütəmadi görüşlər keçirirdi və bu məsələ ətrafında danışırdılar. Ümumiyyətlə, Xəzərin statusu ilə bağlı xeyli müzakirələr aparılıb. Əvvəllər Xəzərin hüquqi statusunu Sovet Rusiyası və İran (26 fevral 1921-ci il) və SSRİ ilə İran (25 mart 1940-ci il) arasında bağlanmış iki müqavilə müəyyənləşdirirdi. Daha sonra Sovet hökuməti dağıldı və Azərbaycan, Türkmənistan, Qazaxıstan dövlətləri öz müstəqilliklərini elan etdilər. Bundan sonra qərara gəlindi ki, Xəzərin hüquqi statusu məsələsi ilə bağlı danışıqlar yenidən başladılsın. Nəhayət bu ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı.

Bu Konvensiyanın üstünlüklərini bir neçə aspektdən izah edə bilərik. Birincisi, Xəzər dənizi bu 5 ölkənin və bu ölkələrin xalqlarınındır. İkincisi, Xəzər dənizi suverenlik və təhlükəsizlik dənizidir. Üçüncüsü, başqa ölkələr gəlib burada müdafiə sahəsi ilə bağlı işlər apara bilməzlər. Dördüncüsü, Xəzər dənizinin ətrafındakı ölkələr bir-biri ilə iqtisadi-ticari əlaqələr yaradırlar. Konvensiyaya əsasən Xəzər dənizin səthi, sərhədləri ilə bağlı bəzi məsələlər sonraya qaldı. Mən Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevi və ölkə xalqını təbrik edirəm.

- Bu il martın sonunda İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq bloqların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd olub. İstərdim bu barədə fikirlərinizi bildirəsiniz?

- Hesab edirəm ki, Xəzər dənizində müvafiq bloqların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu da Azərbaycan və İran üçün mühüm əhəmiyyətə malik idi. Anlaşma Memorandumu da aparılan uzunmüddətli danışıqlar nəticəsində mümkün olmuşdu. Neçə illər idi ki, bu danışıqlar gedirdi. Düşünürəm ki, hər iki ölkə yaxın zamanda uğurlu alınmış bu danışıqların nəticəsindən öz faydalarını götürəcəklər.

- Ümumiyyətlə, Xəzərdə mübahisəli yataqlar məsələsi də xeyli müddət idi ki, gündəmdə idi. Bu yataqların birgə işlənməsi Azərbaycan və İran dövlətlərinə hansı faydaları verəcək?

- Çox faydalar verə bilər. Xəzər dənizi çox qiymətli bir gövhərdi. Eləcə də Allahın bir vergisidir. Xəzər dənizi bir çox ölkələrə yardımçı olur. Buranın təkcə nefti, balıq məhsulları deyil, həm də ekoloji mühiti bir çox ölkələrə əlavə imkanlar açır. Həmin ölkələrin rahat yaşaması üçün böyük rola malikdir. Hesab edirəm ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması bu sahədə çox əhəmiyyətlidir. Bəzi məhsulların Azərbaycandan İrana, eləcə də İrandan Azərbaycana gəmilər vasitəsilə ixracın və idxalın edilməsində Xəzər dənizi müstəsna rola malikdir. Azərbaycanın Ələt limanı ilə İranın Ənzəli və Əmirabad limanları arasında əməkdaşlıq bu əlaqələri daha da inkişaf etdirə bilər. Turizm sahəsinin inkişaf etdirilməsi istiqamətində də Xəzər dənizi xüsusi rola malikdir. Bildiyiniz kimi İran Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Azərbaycanda keçirilən dəniz atışları üzrə yarışda iştirak etdi. Ümumiyyətlə, Xəzər dənizi Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstanındır. Başqa ölkələrin bu dövlətləri bir-birinə vurması hallarına qarşı isə Konvensiya mühüm əhəmiyyətə malikdir.

- Son olaraq ABŞ-İran münasibətləri haqqında fikirlərinizi almaq istərdik. ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar bu ölkəyə nə vəd edir ?

- Ümumiyyətlə, İran dövləti lazımi addımları qabaqcadan atıb. İran dövləti öz çiynini xalqına söykəyib. İran böyük dövlətdir və xeyli əhalisi var. Kənd təsərrüfatı, nanotexnologiya, rabitə, tibb sahəsində və s. biz çox inkişaf etmişik. ABŞ prezidenti Donald Trampın İrana tətbiq etdiyi sanksiyaların müxtəlif formaları da olub. Yaxın, dost, qardaş ölkələr bizə dəstək olublar. Bu ilin avqustun 12-də Azərbaycan Prezidenti cənab İlham Əliyevlə İran prezidenti cənab Həsən Ruhani düz 12-ci dəfə görüşdülər. İndiyədək Həsən Ruhani heç bir prezidentlə bu qədər görüş keçirməyib. Bu o deməkdir ki, bizim qardaşlığımızın davamı var və möhkəm təməllər üzərində qurulub. ABŞ tək İrana deyil, Rusiyaya, Türkiyəyə də sanksiyalar tətbiq edib. Bu onu göstərir ki, ABŞ proseslərə birtərəfli baxır. Əgər dünya ölkələri ABŞ-ın qabağında dayanmasa bu sanksiyalar Avropaya kimi gedəcək. Hətta ABŞ İngiltərəyə mesaj verib ki, əgər bizimlə olmasaz sizə qarşı təzyiq göstəriləcək. Bütün bunlar onu göstərir ki, ABŞ-a dost, qonşu, qohum fərq etmir. Hətta belə misal da var: “Dədəm mənə kor deyib, hər yetənə vur deyib”. Biz İran tərəfi olaraq öz gücümüz üstündə dayanmışıq.