Neft Fondunun gözləntiləri özünü doğruldur

14 Avqust 2018 15:33 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində Türkiyə dövlət istiqrazları və Rusiyadakı investisiyaları fondun hazırkı investisiya strategiyası, müvafiq orta və uzunmüddətli real gəlirlilik gözləntiləri ilə uyğunluq təşkil edir. Bu barədə SİA-ya ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

“Dövlət Neft Fondu tərəfindən investisiya strategiyasının optimallaşdırılması, investisiya portfelinin şaxələndirilməsinin təmin edilməsi və uzunmüddətli gəlirliliyin yüksəldilməsi məqsədilə ARDNF-in investisiya portfelinin əsasını təşkil edən aparıcı iqtisadiyyatlara malik ölkələrin (ABŞ, Avrozona və Birləşmiş Krallıq) valyutaları ilə yanaşı, digər ölkələrin valyutalarında ifadə olunan aktivlərə sərmayə qoyuluşları da həyata keçirilir. Bu istiqamətdə ARDNF-in investisiya portfelində Çin yuanı, Koreya vonu, Avstraliya dolları, Rusiya rublu və Türkiyə lirəsi daxil olmaqla digər valyutalar da yer alır”, - deyə fondun açıqlamasında qeyd edilir.

“ARDNF-in investisiya portfelində cari ilin ikinci rübünün sonuna təqribən 0,9 faiz pay təşkil edən Türkiyə dövlət istiqrazları və təqribən 0,9 faiz pay təşkil edən Rusiyadakı investisiyalar (“VTB” bankın səhmləri və Moskva şəhərində “Tverskaya 16” ünvanında yerləşən ofis-ticarət mərkəzi) cari bazar konyukturası nəzərə alınmaqla fondun hazırkı investisiya strategiyası, müvafiq orta və uzunmüddətli real gəlirlilik gözləntiləri ilə uyğunluq təşkil edir. Bununla yanaşı, ARDNF tərəfindən son zamanlar qeyd edilən ölkələrdə daha çox büruzə verən geosiyasi risklər də nəzərə alınmaqla bütün investisiya portfelinin cari vəziyyəti, bazar konyukturası və gözləntilər ciddi şəkildə təhlil olunur və zəruri olduqda çevik taktiki addımlarla investisiya portfelinə müvafiq dəyişikliklər edilir”, - deyə fond bildirir.