Müsabiqənin nəticələri açıqlanıb

14 Avqust 2018 15:05 (UTC+04:00)

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 14-də saat 14:00-dan etibarən DİM-in internet saytında yerləşdirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 15-də (günün ikinci yarısında) “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.

Magistraturanın boş qalan 2533 plan yerinin müsabiqəsində iştirak etmək üçün 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2018-ci il avqustun 16-dan 24-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcəkdir.