“Konvensiya mübahisəli yataqların istismarı baxımından əhəmiyyətlidir" ÖZƏL-ŞƏRH

14 Avqust 2018 14:20 (UTC+04:00)

“Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi həm də mübahisəli və uzun müddət istismar edilməyən yataqların istismar edilməsi baxımından çox vacibdir”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Xəzərin hüquqi statusu sözügedən yataqların istismarı baxımından çox ciddi imkanlar yaradır: “Nəzərə alsaq ki, mövcud anlaşmaya əsasən ümumi qaydalar müəyyənləşdirilib. Eyni zamanda qarşılıqlı ikitərəfli razılaşma əsasında yataqların işlənməsi məsələsi anlaşmada öz əksini tapıb. Bu isə o deməkdir ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi nəticə etibarilə uzun müddət mübahisəli hesab edilən və istismar olunmayan yataqların istismarı üçün imkanlar yaradır. İran prezidenti Həsən Ruhani Azərbaycana gələn zaman mübahisəli yataqların birgə işlənməsi ilə bağlı ilkin anlaşma imzalanmışdı.

Mübahisəli yataqların birgə işlənməsi ilə bağlı anlaşmanın imzalanması da nəticə etibarilə Azərbaycanın konstruktiv mövqeyi kimi qiymətləndirilir. Çünki Azərbaycan mübahisəli yataqların birgə işlənməsi ilə bağlı daimi olaraq konstruktiv mövqe nümayiş etdirib. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, mübahisəli yataqların birgə işlənməsi və əldə edilən gəlirin bərabər olaraq tərəflər arasında bölüşdürməsini həyata keçirsin. Bu da təbii ki, kifayət qədər konstruktiv bir məqam kimi qiymətləndirilir. Nəticədə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi imkan verir ki, mübahisəli yataqların birgə işlənməsi ilə bağlı fəaliyyəti reallaşdırmaq mümkün olsun. Bu Xəzəryanı ölkələrin eləcə də Azərbaycanın dövlət gəlirlərinin artırılması baxımından vacibdir. Nəticədə həmin yataqların enerji resursları Avropa və eləcə də dünya bazarına çıxarılacaq. Bu da Xəzəryanı ölkələrin gəlirlərinin artması baxımından yeni imkanlar yaradır. Xəzərin statusunun müəyyənləşdirilməsi Cənub Qaz Dəhlizinə də müsbət təsir göstərən məqamlardan biridir”.