“Konvensiyanın imzalanması yeni mərhələnin əsasını qoydu” RƏY-ÖZƏL

14 Avqust 2018 11:23 (UTC+04:00)

“Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən konkret sənəd üzərində aparılan danışıqlar öz məntiqi nəticəsini verdi”. Sözügedən fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Zirvə toplantısında imzalanmış tarixi Konvensiyaya münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, bu Konvensiyanın imzalanması sözün həqiqi mənasında dövrümüzün mürəkkəb məsələlərindən birinin həll olunması deməkdir: “Bu, regionda sülhə, sabitliyə xidmət edən, Xəzəryanı dövlətlər arasında münasibətlərin yeni səviyyəsini müəyyən edən, yeni mərhələsinin əsasını qoyan bir sənəddir. Ümumiyyətlə, Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, Xəzəryanı ölkələrin xalqlarının rifahının daha da yaxşılaşmasına töhfə verəcək. Konvensiyanın imzalanması bir daha sübut edir ki, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur. Şübhə yoxdur ki, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi təhlükəsizliyin və sabitliyin başlıca qarantı qismində çıxış edəcək”.

“Xəzər dənizində yalnız 5 sahilyanı ölkənin silahlı qüvvələrinin mövcud olmasını özündə əks etdirən Konvensiya, eyni zamanda, bu ölkələrin heç birinin ərazisindən digər ölkəyə qarşı istifadə olunmamasına da təminat verir”, deyə bildirən YAP Pirallahı rayon təşkilatının sədri həmçinin bildirib ki, “Xəzər beşliyi”nin sammitində imzalanan sənədin 14-cü maddəsinə görə, sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilərlər, bunun üçün sadəcə olaraq kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı kifayət edir: “Bu maddə Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlinə yaşıl işıq yandırır. Belə ki, indiyədək statusun qeyri-müəyyən olması Qazaxıstanın planlaşdırdığı Xəzər Kəmərinə və Türkmənistanın öz qazını Avropa bazarına çıxarmaq istədiyi TransXəzər Kəmərinə ciddi maneələr törədirdi. Ona görə də bu sənədin qəbulu bütün tərəflər üçün uğurludur”.

Hikmət Şikarov vurğulayıb ki, ümumiyyətlə, Azərbaycan hüquqi statusla bağlı danışıqların aparıldığı bütün dövr ərzində beynəlxalq hüquqa və qarşılıqlı etimada söykənən milli mənafelərini müdafiə edib: “Konvensiya bütün Xəzəryanı dövlətlər, o cümlədən, Azərbaycan üçün olduqca faydalıdır. Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlərin çəkilməsi üzərində maneə aradan qaldırılacaq və əməkdaşlıq əlaqələri xüsusilə iqtisadi baxımdan bütün Xəzəryanı dövlətlər üçün mənfəətli olacaq. Xəzərin statusunun müəyyənləşdirilməsi, eyni zamanda, yeni kəmərlərin inşası baxımından da əhəmiyyətlidir. Bu isə Xəzəryanı dövlətlərin əməkdaşlıq imkanlarını daha da genişləndirəcək”.

Hikmət Şikarov son olaraq bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət və bu xəttin son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və rolunun artmasını, əsl söz sahibinə çevrilməsini şərtləndirdi: “Prezident İlham Əliyevin yürütdüyü balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanı regionun və dünyanın sayılıb-seçilən dövlətinə çevirib. Son tarixi proseslər, eləcə də bu amili ehtiva edən digər mühüm məqamların hər biri məhz bu məntiqi reallığı sübuta yetirməkdədir”.

Rövşən NURƏDDİNOĞLU