Kor xoşbəxtliyi (Hekayə)

11 Avqust 2018 18:02 (UTC+04:00)

Hümbət QULİYEV

O, əməliyyat etdiyi gözə son tikişlərini vururdu. Bu vaxt Əməliyyat şöbəsinin baş tibb bacısı ona yaxınlaşıb yavaşca dedi:
- Mənə indi xəbər çatdırdılar ki, “şef” sizi əməliyyatdan sonra kabinetinə dəvət edir.
Göz cərrahı Kamil Quliyev gözlərini əməliyyat mikroskopundan ayırıb, bütün personala uğurlu keçən əməliyyata görə təşəkkür elədi. Əllərini yuya-yuya öz-özünə düşündü: “Leninqrad Hərbi Tibbi Akademiyasının Göz Xəstəlikləri Kafedrasının rəhbəri onu nəyə görə görmək istəyir?”.
Akademik heç kimi yanına elə-belə çağırmazdı. Özlüyündə fikirləşdi: “Elədiyim bütün əməliyyatlar uğurlu olub, çoxsaylı personalla da heç bir problemim yoxdur. Bəs nə ola bilər?”
Akademiklə onun münasibəti də çox yaxşı idi. O, bu böyük insana ömrü boyu minnətdar olacaqdı. Çünki bununla bağlı səbəb çox tutarlı idi- iki il bundan qabaq Akademiyada vakant yer yarananda planetin quru sahəsinin altıda bir hissəsini tutan böyük bir ölkənin hər yerindən göz həkimləri bura sənəd göndərmişdilər. Burada işləmək hər bir göz cərrahının əlçatmaz arzusu idi. Sənəd verənlərin hamısı da layiqli, bacarıqlı həkimlər idi. Seçimlə bağlı son müzakirədə rəhbərlikdə çox qızğın müzakirələr olmuşdu. Son olaraq akademik müzakirələrə belə yekun vurmuşdu:
- Söz yox, seçdiyimiz insanlar çox layiqli namizədlərdir. Amma Kamil Qasanoviç haqqında bir neçə söz demək istəyirəm. Bilirsiz ki, o, son dörd ildə hər il məzuniyyətini götürüb, Moskvadan bura, klinikamıza öz hesabına işləməyə gəlir. Burada da o, çiynini ən ağır işlərin altına verir. Bu bir yana qalsın, qəbul edək ki, bunu öz şəxsi peşə inkişafı üçün eləyir. Onun cərrahlığı kimi, məntiqinin də kəsərli olduğunu hamımız yaxşı bilirik. Mən bir dəfə Akademiyanın tələbələri ilə məşğələ aparmağı ona həvalə elədim. Adi, qırx beş dəqiqəlik məşğələ idi. O məşğələdən sonra qrupda olan tələbələrin yarısı göz cərrahı olmaq istədiklərini bildirdilər. Bir gün qabaq ürək, beyin cərrahı olmaq istəyən, millətimizin qaymağı olan həmin tələbələr, qırx beş dəqiqəlik məşğələdən sonra göz cərrahı olmaq istədilər. Siz bilmirsiz, o, həmin gənclərə nə deyib? Mən də bilmirəm, amma çox şeyi verərdim ki, həmin məşğələdə onun dediklərinə qulaq asa bilim. Bizim professorların illərlə eləyə bilmədiklərini o, cəmi qırx beş dəqiqəyə eləmişdi.
Nəsli Sankt- Peterburqun məşhur zadəganlarından gələn dünya şöhrətli bu alim və iliyinə qədər rus vətənpərvəri olan bu insan sonda özünəməxsus tərzdə sakitcə demişdi:
- Mən istəyirəm ki, bura gələcək və kafedramızın gələcəyi olacaq tələbələr bizim aramızda Kamil Qasanoviçi görsünlər, onun təfəkküründən, dünyagörüşündən bəhrələnsinlər.
O, bu düşüncələr və müəmma ilə akademikin qəbul otağına daxil oldu. Qəbul otağında adamlar olduğuna baxmayaraq, köməkçi onu görən kimi dedi:
- Kamil Qasanoviç, siz keçin. O, sizi gözləyir.
Böyük klinikanın akademik rəhbəri kiçik bir kabinetdə otururdu. Çox təvazökar olan bu insanın kiçik kabinetinin yarısını da onun böyük iş masası tuturdu. Masa haqqında ayrıca deyilməlidir: masanın üzərində qalaq-qalaq kağızlar, dərgilər, göz cərrahiyyəsinə aid alətlər, tikiş materialları və bir-biri ilə əlaqəsiz görünən çoxlu əşyalar vardı. Kamil həkim, nə vaxtsa oxuduğu bir fikri xatırladı: “İstedadlı insanların masası üzərində həmişə səliqə-sahman olar, dahilər isə xaosu idarə edirlər.” Əmin idi ki, akademik bu xaosun içərisində istənilən şeyi anındaca tapa bilər.
“Şef” onu ayaq üstə salamladı və hal-əhval tutdu.
- Kamil, - o hamını adı ilə çağırırdı, - bilirsən səni niyə dəvət eləmişəm? Şimalda Volınsk şəhəri var, oranın birinci katibinin anasının bir gözünü yerli xəstəxanada əməliyyat eləyiblər. Amma əməliyyat uğursuz keçib, fəsadlar yaranıb. O göz görmür. İndi ikinci tutulmuş gözündə əməliyyata ehtiyac var. Pasiyent yaşlıdır, doxsanı haqlayıb, həm də yeriyə bilmədiyindən bura gətirmək problemləri var. Yerli həkimlər onun tək qalmış gözünü əməliyyat eləməkdən çəkinirlər. Səbəb aydındır, yeganə gözü əməliyyat etməyin çətinliyini hamı bilir. Kiçik xəta belə mümkünsüzdür. Eyni zamanda, yerli həkimlər başa düşürlər ki, katibin anasının o tək gözündə problemlər yaransa, katibin onlara nələr edə biləcəyini düşünmək belə çətindir. O şəhərin səhiyyə rəhbəri bizim akademiyaya müraciət eləyib. Buradan bir təcrübəli göz cərrahı xahiş ediblər. Mən səni seçmişəm. Etiraz eləmirsən?
Akademik onun valideynlərindən sonra “yox” deyə bilməyəcəyi yeganə insan idi. Eyni zamanda onlarla cərrah içərisindən onu seçməsi də peşə qüruruna xoş bir sığal çəkdi. O, “baş üstə” deyib otaqdan çıxdı.
... İlk dəfə idi ki, onu təyyarənin trapında qarşılayırdılar. Qara volqa küçələrdə sürətlə şütüyürdü. Ona təhkim olunmuş məsul insanla və sürücü ilə tanış oldu. Məsul şəxs onu əvvəlcə elə onunçün hazırlanmış qonaq evinə aparmağı təklif elədi. Amma o, razılaşmadı:
- Əvvəl şöbəyə gedək. Pasiyenti görməliyəm, – dedi.
Məsul şəxs sürücü ilə maşının həmişə onunla olacağını bildirdi, istənilən problemlə bağlı müraciət etməyi xahiş elədi.
Şöbədə onu yaxşı qarşıladılar. Dünyanın bütün göz həkimlərinin arasında bir qardaşlıq, xüsusi münasibət var. Ömür boyu zülmətlə mübarizə aparan bu insanlar ruhən bir-birinə çox yaxındırlar. O, xanım şöbə müdiri ilə tanışlıqdan sonra elə onunla birlikdə pasiyentin yanına getdı.
Yaşlı qadın heç nə görməsə də, nikbin görünürdü:
- Doktor, mən yenidən görmək istəyirəm, çox istəyirəm. İnsan nankor məxluqdur, olanını heç vaxt dəyərləndirə bilmir. İndi başa düşürəm ki, görmək nə qədər böyük nemət imiş! Hər şeyə yenidən baxmaq istəyirəm. Uşaqlarımı, nəvələrimi görmək arzusundayam. Son günlərimi görən gözlə başa vurmaq istəyirəm. Doktor, mən görəcəm?
- Əlbəttə, siz, mütləq, görəcəksiz!
O, xəstəliyi ilə, ölümü ilə müti şəkildə barışmış insanları xoşlamırdı. Həyat eşqi, yaşamaq istəyi olan mübariz insanlara rəğbət bəsləyirdi. Bu yaşlı qadının da yenidən görmək istəyi onu ruhlandırdı. Yerli həkimlər lazım olan bütün müayinələri eləsələr də, o özü pasiyentin gözlərini yenidən müayinə elədi. Sonra əməliyyat zalına keçdilər. Təzə quraşdırılmış müasir əməliyyat mikroskopunu görəndə sevindi. Məlum oldu ki, katib anasının əməliyyatı üçün bu mikroskopu məxsusi sifariş verərək gətirdib. Katiblə şöbənin həkimləri arasındakı gərginlik fiziki olaraq hiss olunurdu.
O, mikroskopu özü üçün tənzimlədi. Yanında gətirdiyi əməliyyat alətlərini və tikiş materiallarını əməliyyata hazırlıq üçün personala verdi. Tikəcəyi sap tükdən on dəfə nazik, tikiş iynəsi göz kirpiyinin cəmi üçdə biri boyda idi. Bütün bunlarla işləməkçün o, mikroskop vasitəsi ilə gözü on altı dəfə böyüdüb əməliyyat eləyirdi. Bunlar müasir göz mikrocərrahiyyəsinin şərtləri idi.
Əməliyyat yaxşı keçdi. Sürücü Aleksandr Borisoviç (öz atası da sürücü işlədiyindən bütün sürücülərə yaxşı münasibəti vardı Kamil həkimin və Aleksandrla da dərhal dostlaşmışdı) ona yolda maraqlı bir şey danışdı:
- Adətən mənə şöbə müdirinin qəbul otağında çay verirlər. Şöbə müdiri ilə həkimin söhbətini təsadüfən eşitdim. Şöbə müdiri həkimə deyirdi: ”Biz Akademiyadan yaşlı bir professor gözləyirdik. Maşından cavan, sonradan məlum olduğu kimi, azərbaycanlı bir həkimin düşməyinə çox təəccübləndim. İçim şübhələrlə doldu. Düşündüm ki, yəni birinci katibin anasının yeganə gözündəki əməliyyatı bu cavan həkim edəcək? Belə bir məsuliyyətin altına girməyə bu insan necə razı olub? Amma onun əməliyyat etməyinə baxanda bütün şübhələrim dağıldı. Mən illərin göz cərrahıyam. Çox cərrahların da əməliyyat etməsini görmüşəm. Kamil doktorun barmaqları gözün üzərində virtuoz pianoçunun barmaqları kimi hərəkət eləyirdi. Bütün hərəkətləri son dərəcə dəqiq idi. Gözlərimi onun barmaqlarının sehrindən çəkə bilmirdim. Mən göz cərrahlığında Allah vergisinin nə demək olduğunu, nəhayət ki, gördüm və şahidi oldum. Əhsən!”
Bu sözləri dinlədikcə Kamil həkim valideynlərini, çoxsaylı müəllimlərini, həmpeşə dostlarını minnətdarlıqla xatırladı...
Bu vaxt sürücünün səsi onu fikirlərindən ayırdı:
- Doktor, mənim sizdən bir şəxsi xahişim olacaq.
- Buyurun, eşidirəm.
- Mənim bir qardaşım var, uşaq vaxtı üzü və gözləri yanıb. Hər iki gözü kordur, heç nə görmür. Evlidir, otuz altı yaşı var. İki qızı da var. Xahiş edirəm, ona baxasız. Düzdür, bir az adama yovuşmaz insandır... Mümkün olarmı ona baxmaq?
- Əlbəttə, sabah məni şöbəyə aparandan sonra get, onu gətir. Onsuz da məndən şöbədəki xəstələrə baxmağımı xahiş edirlər. Ona da baxaram.
Göz əməliyyatının sabahısı günü əməliyyat olunmuş gözdən sarğının götürülməsi cərrah üçün həmişə həyəcanlıdır. Gün ərzində sarğı altında olan gözdə çox şeylər baş verə bilərdi. Onlarla tikişin cəmi birində ola biləcək zəiflik ağır fəsadlara gətirib çıxarardı. Əməliyyat vaxtı kəsilmiş damarlardan açıla biləcək qan da həmişə təhlükə mənbəyi idi.
Palatada Mariya İvanovnanın göz sarğısının açılışına şöbənin bütün həkimləri toplaşmışdı. Hamı həyəcan içində idi: “Necə olacaq? Birinci gözdəki fəsadlar təkrar olacaqmı? O, görəcəkmi?” Hamı Kamil həkimi gözləyirdi.
Palatanın qapısı açıldı. Budur, o! Şöbə müdirinin müşayiəti ilə içəri daxil oldu. Onun üzündəki təbəssüm və hərəkətlərindəki özünəinam hamını bir qədər sakitləşdirdi. O, elə gülümsəyə-gülümsəyə də pasiyentin əhvalını soruşdu. Yaşlı xanıma xitabən dediyi xoş sözlərdən onun da çöhrəsində təbəssüm əmələ gəldi. Kamil həkim, sarğını astaca, xanımın gözətrafı dərisinə nəvaziş göstərə-göstərə açdı.
- Mariya İvanovna, - o, mehriban səslə dedi, - indi yavaş-yavaş gözünüzü açın.
Xanım əvvəl xəfifcə göz qapaqlarını tərpətdi, sonra onları açdı. Göz qapaqlarını bir neçə dəfə qırpıb, əvvəl yuxarı, sonra qarşısında oturmuş Kamil həkimə baxdı. Palatada tam sakitlik yarandı.
- Doktor, mən sizi görürəm! Mən sizi yaxşı görürəm! Allahım, siz nə qəşəng insansız! Mən artıq cənnətdəyəm?
Onun bu sözlərinə palatada olanların hamısı gülüşdü. Hamı sevinir, bir-birini təbrik edirdi. Şöbə müdiri Kamil həkimin əlini sıxaraq palatanı tələsik tərk etdi. Hamı başa düşdü ki, o, “Birinci”yə məruzə üçün belə tələsik gedir. Nəinki o, bütün şəhər rəhbərliyi bu xoş xəbəri gözləyirdi. Şöbənin üzərindən artıq qara buludlar dağılmışdı. Həmin qara buludları ustalıqla dağıtmış bu azərbaycanlı həkimə minnətdarlıq etməyi hər kəs özünə borc bilirdi.
Şöbənin dəhlizində sürücünün yanında orta yaşlı, qara eynəkli bir insan gördü. Kamil həkimin fikrindən keçdi ki, yəqin, kor qardaşıdır. Onlara yaxınlaşıb hər ikisini müayinə otağına dəvət elədi. Müayinəni qurtarandan sonra hər ikisinə xitabən dedi:
- Sol gözün şansı yoxdur. Sağ gözü isə çox ümidli görürəm. Bu gözün buynuz qişası yanıb, yumurtanın ağı kimi bişib və dümağ ağarıb. İşıq gözün dibinə düşə bilmir. Gözün arxa hissəsinin müayinəsi göstərir ki, görmə üçün ən vacib olan arxa hissə və göz siniri salamatdır. Son illərin nailiyyətləri imkan verir ki, ön hissəni tamamilə süni əvəzləyicilərlə əvəz edək. Mən böyük ehtimalla deyirəm ki, qardaşınızın gözünü açmaq mümkündür. Düzdür, Akademiyada da bəzi mürəkkəb müayinələrə ehtiyac olacaq. Amma təkrar eləyirəm, bu gözü aça biləcəyik. Bu gözün görə bilmək şansı çox böyükdür. Hər ikinizi təbrik edirəm. Akademiyada görüşənədək! Sizə lazım olan sənədlərin hazırlanmasına da kömək edəcəm.
Ertəsi gün sürücünün onun ardınca gələndə pərişan olması Kamil həkimin gözündən yayınmadı.
- Aleksandr Borisoviç, gözümə bir təhər dəyirsiz. Nə olub?
- Doktor, mənim qardaşım Vasiliy axmaqdır, çox axmaq!
- Axı nə olub?
- Vasiliy əməliyyat olunmaq istəmir.
- Necə istəmir? Bəlkə, yol xərcləri ilə bağlı problem var? Mən kömək eləməyə hazıram! Akademiyada bütün müayinə və müalicə də pulsuzdur.
- Yox, pul problem deyil. Əlilliyə görə o, yaxşı müavinət alır. Korlar Cəmiyyətinin dəstəyi ilə göbələk yığmaqçün zənbillər toxuyur, ordan da pul qazanır. Yoldaşı da işləyir.
- Bəs onda necə ola bilər ki, insan işıqlı dünyanı görməkdən imtina eləsin? O, nəhayət, heç vaxt görmədiyi həyat yoldaşını, uşaqlarını görəcək. Günəşi, ağacları, çiçəkləri, insanları, hər şeyi... Mən düşünürdüm ki, o sevinəcək və bu şansdan ikiəlli yapışacaq.
- Mən də, həyat yoldaşı da bunu təkidlə ona başa salmağa çalışdıq, amma xeyri olmadı.
- Aleksandr Borisoviç, maşını sürün qardaşınızın evinə!
- Bəs şöbə?
- Eybi yoxdur, orada təcili bir işim yoxdur. Axşam ikimiz də banketdə olacağıq. Bizim şərəfimizə təşkil olunmuş banketdə,- deyə Kamil həkim əsl göz həkimlərinə məxsus hər fikri çox aydın ifadə eləyən gözlərilə ona baxıb, gülümsündü.
- Sizin şərəfinizə, Kamil Qasanoviç! Hamı sizdən danışır. Baxıram, siz fikir vermirsiz. Amma Şöbənin xanımları sizə yaman göz qoyurlar. İşə toya gedirmiş kimi bəzənib gəlirlər.
- Hə? Gərək fikir verəm, - deyərək gülümsədi.
Sürücünün kor qardaşı artıq şəhərə bitişmiş kənddə yaşayırdı. Maşın taxtadan düzəldilmiş, birmərtəbəli evin qabağında dayandı. Vasiliy həyətdə qoyulmuş masanın arxasında oturmuşdu; qucağındakı pişiyi sığallayırdı. Ətrafında çoxlu toxunma zənbillər vardı. Masanın üzərində yarıhazır bir zənbil də vardı. Evdə Vasiliydən başqa heç kimin olmadığı aydın oldu. Yəqin, həyat yoldaşı işdə, uşaqları da məktəbdə idi...
Kamil həkim ucadan salamlaşandan sonra onun masasının qabağındakı kətildə oturub dedi:
- Vasiliy, səni fikrindən daşındırmağa gəlməmişəm. Hər bir insan seçimində azaddır. Mən göz həkimiyəm, mənim işim insanlara gözlərinin itirilmiş nurunu qaytarmaqdır. Bəzən hətta insanlara işığın istiqamətini müəyyənləşdirmək qabiliyyətini qaytarmaqçün aylarla çalışıram. Əməliyyatdan sonra gözləri önündə öz barmaqlarını görə bilən insanların ağladığının şahidi də çox olmuşam. Məndə sənin mövqeyinlə bağlı həm bir həkim, həm də insan kimi maraq yarandı. Mən sənə gördüyün qara zülmət əvəzinə, işıqlı dünyanı yenidən görmək kimi gözəl alternativ təklif edirəm. Çox real olan alternativ! Allah bu dünyaya günəş verib ki, yer işıqlı olsun! Bütün canlılara və insana göz verib ki, bu işıqlı dünyanı görə bilsinlər. Görə bilmək insanın həyatını asanlaşdırır və gözəlləşdirir. İnsan baxaraq sevib-sevilə bilir. O görərək sevinə və sevindirə də bilir. Gözlər, Allahın insana bəxş etdiyi ən böyük nemətdir. Gözdən əlillik də ən ağır əlillik sayılır. Bunu sən yaxşı bilirsən. Gəlmişəm ki, sənə qulaq asım. Sənin fikirlərini dinləyim.
Uzun sükutdan sonra Vasiliy dilləndi:
- Doktor, heç bilmirəm hardan başlayım... Mən bu həyatıma artıq vərdiş eləmişəm. Ətrafdakılar məni kor hesab eləsələr də, mən özümü kor saymıram. Mən əllərimlə “görürəm”, qulaqlarımla “görürəm”. Siz bilirsiz ki, kor insanların digər hisləri yaxşı inkişaf edir. Baxın, mən bu zənbilləri toxuyuram, onları görən əllərimlə toxuyuram. Siz mənim gözlərimi açsanız belə, bu zənbilləri toxumaq üçün mən gözlərimi yummalı olacam. Mənim dünya haqqında, həyat yoldaşım, uşaqlarım haqqında öz təsəvvürüm var. Bu təsəvvürlərin içərisində də özümü rahat və xoşbəxt hiss eləyirəm. Hə, hə xoşbəxt hiss eləyirəm! Mən öz həyat yoldaşımı heç vaxt görməmişəm, amma onu dünyanın ən gözəl xanımı olaraq təsəvvür eləyirəm. O, mənimçün həmişə - hətta ömrümün sonuna qədər elə gözəl görünüşdə də qalacaq. Mən onu həmişə dəyişməz məhəbbətlə sevəcəm. Siz mənim gözlərimi açsanız, ətrafımda yad insanlar görəcəm. O insanlara mən yenidən necə uyğunlaşacam? Axı onlar mən təsəvvür elədiyimdən tam fərqli görünüşdə ola bilərlər. Siz gözlülərin dünyası müqayisələr üzərində qurulub: “kim daha gözəldir, kimin daha çox malı, mülkü var, ən böyük malikanə kimdədir, kimin maşını daha bahalı, daha sürətlidir”. Siz ən gözəl saydığınız, sevdiyiniz xanımla evlənirsiz. Beş ildən sonra siz onu daha cavan biri ilə müqayisə eləyib məyus olursuz, çox hallarda sevdaya, əlbəttə ki, müvəqqəti sevdaya düşürsüz. Mənim heç kimi və heç nəyi müqayisə eləmək imkanım olmadığından xoşbəxtəm. Bax ona görə də müqayisələr üzərində qurulmuş siz gözlülərin dünyasında heç kim xoşbəxt ola bilmir. Hətta aranızda olan ən gözəl və ən dövlətli insan belə xoşbəxt deyil. Əvvəllər mən televizora qulaq asırdım, daha qulaq asmıram. Əvvəllər açar deşiyindən baxmaq eyib sayılırdı, indi açar deşiyini televizor əvəz edib və daha heç nə eyib deyil. İnsanlar ən çox nəyi görmək istəyirlər, bilirsiniz?
- Nəyi görmək istəyir?
- Bir-birinin eybini! Məgər gözlər sizə buna görə verilib?! Siz gözlüləri ən çox sevindirən bilirsiz nədir?
- Nədir?
- Başqasının yıxılmağına baxmaq, başqasının uğursuzluğunu seyr eləmək! Siz mənim gözümü açan kimi mənim əlilliyimi əlimdən alacaqlar. Özümə iş axtarmalı olacam. Yaltaqlıq, paxıllıq, ikiüzlülük meyarları ilə işləyən hansı kollektivdə mən öz yerimi tapa bilərəm?! Mənim yaşadığım bu gözəl dünyamın əvəzinə siz mənə hansı dünyanı təklif eləyirsiz?!
…Geri qayıdanda sürücü başını bir qədər yana döndərərək arxa oturacaqda oturmuş Kamil həkimdən soruşdu:
- Doktor, Vasiliy haqda nə düşünürsüz?
Bayaqdan gözlərini yummuş Kamil həkim bir qədər sükutdan sonra elə gözlərini açmadan dedi:
- Əziz Aleksandr Borisoviç, insan bu dünyaya xoşbəxt olmaqçün gəlir. Sənin qardaşın Vasiliy müqayisələrin mümkünsüz olduğu qaranlıq dünyasında öz xoşbəxtliyini tapıb. Biz də səninlə işıqlı dünyamızda- bu sonsuz müqayisələr dünyasında öz xoşbəxtliyimizi tapmağa çalışaq.

Sumqayıt şəhəri

iyul 2018-ci il