Hikmət Babaoğlu: “Tacikistan və Azərbaycan daima bir-birinə dəstək verib" ÖZƏL-MÜNASİBƏT

11 Avqust 2018 11:30 (UTC+04:00)

“Tacikistan Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verəcək çoxsaylı sənədlərin imzalanması ilə yadda qaldı. Bu sənədlər təhsil, mədəniyyət, humanitar sahədən başlamış iqtisadiyyat və sənaye sahələrinə qədər geniş bir spektri nəzərdə tutur”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, əldə olunan razılaşmalar hər iki tərəfə iqtisadi və siyasi dividentlər vəd edir: “Siyasi sahədə Tacikistan və Azərbaycan daima bir-birinə dəstək verib və bütün büynəlxalq təşkilatlarda ənənəvi olaraq qarşılıqlı şəkildə maraqlarını müdafiə edib. Eyni zamanda İslam Əməkdaşlığı Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi regional təşkilatlarda da daima qarşılıqlı maraqlar nəzərə alınıb. İqtisadi sahədə isə Tacikistan Azərbaycanın neft məhsullarına eyni zamanda metallurgiya sahəsinə ciddi maraq göstərir. Çünki bu ölkənin enerji və karbohidrogen ehtiyatları yox dərəcəsindədir. Eyni zamanda coğrafi nöqteyi-nəzərdən nəqliyyat kommunikasiya baxımından da bu ölkənin yeri bir o qədər də əlverişli deyil. Ona görə də Azərbaycanın adı çəkilən sahələrdə yaratdığı yeni imkanlar ölkəmizi Tacikistan üçün cazibədar edir. İstər İpək yolu nəqliyyat dəhlizi, istərsə də Azərbaycanın neft-kimya sənayesi bu ölkənin iqtisadiyyatının inkişafına mühüm perspektivlər vəd edə bilər. Ona görə imzalanan sənədlər arasında bu məsələlər də öz əksini tapmış oldu. Bu həm də Azərbaycanın iqtisadi maraqlarının təmin olunması deməkdir.

Səfərin ən mühüm hadisələrindən biri isə Prezidentlər tərəfindən imzalanan birgə bəyannamə oldu. Bu ölkəmiz üçün çox mühüm idi. Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı çərçivəsində və eyni zamanda BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında öz həllini tapması Tacikistan tərəfindən dəstəklənir ki, bu da həm beynəlxalq hüquq, həm də ədalətin təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. Bütün bunları nəzərə alsaq, Tacikistan Prezidentinin Azərbaycana səfərinin hər iki ölkənin milli maraqlarının təmin olunması baxımında qarşılıqlı faydalı səfər hesab edə bilərik”.