Naxçıvanda Meydantəpə yaşayış yeri tədqiq olunur

11 Avqust 2018 09:51 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik Naxçıvan arxeoloji ekspedisiyası Naxçıvançay vadisindəki Meydantəpə qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlayıb. İnstitutdan SİA-ya verilən məlumata görə, dörd hektar sahəni əhatə edən Meydantəpə şəhərtipli antik yaşayış yeri Nəzərabad kəndinin yaxınlığında, Naxçıvan-Şahbuz magistral yolunun kənarında yerləşir.

Tədqiqatlar zamanı aşkar olunmuş materiallar eradan əvvəl IV - bizim eranın III əsrlərini əhatə edir. Arxeoloqların ərazidə apardığı qazıntılar zamanı dördkünc formalı binalar və xeyli maddi-mədəniyyət nümunələri, dən daşları, iri təsərrüfat küpünün qalıqları aşkar olunub. Tədqiqatçılar həmin materiallara əsaslanaraq Meydantəpədə yaşayışın eradan əvvəl I minilliyin ortalarına qədər davam etdiyini bildirirlər.

Arxeoloji tədqiqatlar zamanı tapılan maddi-mədəniyyət nümunələri Naxçıvanın şəhər mədəniyyətini, sənətkarlıq və ticarət əlaqələrini özündə əks etdirir.