Putin Təhlükəsizlik Şurasını topladı

10 Avqust 2018 18:44 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Xəzəryanı "beşliy"in qarşıdan gələn sammitinə hazırlıqları müzakirə edib. Rusiya KİV-i bildirir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Gündəmdə Aktauda keçiriləcək "Xəzər beşliyi"nin sammiti ilə bağlı məsələlər var idi", - D.Peskov deyib.

Onun sözlərinə görə, görüş zamanı Xəzərin hüquqi statusunun həlli üzrə çoxillik işlərin başa çatmasının vacibliyi qeyd olunub, bundan əlavə, ölkənin sosial-iqtisadi inkişafının cari məsələləri müzakirə olunub.

Mətbuat katibi, həmçinin bildirib ki, müzakirə olunan məsələlər arasında ABŞ-ın Rusiyaya tətbiq edəcəyi yeni sanksiyalar da olub. Onun sözlərinə görə, iclasda Vaşinqtonun sanksiyaları qeyri-qanuni adlandırılıb.

İclasda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov iştirak ediblər.

Qeyd edək ki, bundan öncə Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını “iqtisadi savaş elanı” adlandırmışdı.